67 yaşlı ABŞ vətəndaşı Tim Endryusun keçdiyi tibbi proses transplantologiya tarixində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, Nyu-Hempşir ştatında yaşayan pasiyentə əvvəl genetik dəyişdirilmiş donuz böyrəyi, daha sonra isə vəfat etmiş insandan götürülmüş donor böyrəyi köçürülüb.
Məlumata görə, Endryus uzun illər ağır böyrək çatışmazlığından əziyyət çəkib və həftədə üç dəfə, hər dəfə altı saat dializ proseduru keçib. Buna baxmayaraq, onun səhhəti getdikcə pisləşib. Bir müddət sonra infarkt keçirən pasiyent hətta yerimək qabiliyyətini də itirib.
2025-ci ildə vəziyyətin çıxılmaz olduğunu anlayan amerikalı riskli addım ataraq genetik dəyişdirilmiş donuz böyrəyinin transplantasiyasına razılaşıb. O, əməliyyatın uğursuz olması halında həyatını itirə biləcəyini də anlayırdı. Orqanizmin yeni orqanı rədd etməməsi üçün Endryus eyni vaxtda 51 müxtəlif dərman qəbul edib. İlk aylarda vəziyyəti yaxşılaşsa da, sonradan ağırlaşma yaranıb və köçürülən donuz böyrəyi çıxarılmalı olub.
Bir müddət sağlam böyrəksiz yaşayan pasiyent üçün iki ay əvvəl vəfat etmiş uyğun donordan orqan tapılıb. Həkimlərin həyata keçirdiyi növbəti transplantasiya əməliyyatı uğurla başa çatıb və hazırda Tim Endryus bərpa mərhələsindədir.\\Musavat.com
