Dünyanın baş narkobaronuna ömürlük həbs cəzası kəsildi
594
Amerika Birləşmiş Ştatlarının federal məhkəməsi 62 yaşlı narkobaron, El Çapo (“Cırtdan”) ləqəbli Xoakin Qusmanı vaxtından tez azad olmaq hüququ olmadan ömürlük həbsə məhkum edib.
Konkret.az “Röyters” agentliyinə istinadla bildirir ki, meksikalı narkobaron narkotik maddələrin qanunsuz dövriyyəsinə görə ittiham olunub. Həbs cəzasından başqa, El Çapoya 12 milyard dollar həcmində cərimə də kəsiblər. Bildirilir ki, narkobaronun vəkilləri məhkəmə hökmündən şikayət etmək niyyətindədirlər.
Meksikalı narkobaron Xoakin Qusman Loera “Sinaloa” narkokartelinin başçısı və Anqar klanının üzvüdür. O, bir neçə dəfə həbsxanadan qaçıb. 2016-cı ilin yanvarında onu Meksikada yenidən həbs ediblər, bir ildən sonra ABŞ-a təhvil veriblər. Burada El Çaponu Manhetten həbsxanasına yerləşdiriblər.
Qeyd edək ki, Meksika narkotik maddələrin dövriyyəsinə, habelə narkokartellərin sayına görə dünya lideridir. Bu ölkədə narkokartellər arasında gedən müharibədə atəşkəs olmur və onlar ilboyu bir-birini qırırlar.