Təhsildə dünyəvilik prinsipinin qorunması müasir cəmiyyətin əsas tələblərindən biridir. Bu prinsip təhsil prosesinin dini təsirlərdən kənar, elmi biliklərə və ümumbəşəri dəyərlərə əsaslanmasını nəzərdə tutur.
Bəs Azərbaycanda təhsilin dünyəvi xarakteri hansı prinsiplər əsasında qorunmalı və bu istiqamətdə hansı yanaşmalar əsas götürülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli bildirib ki, geyim kodeksinin qəbul edilməsi dünyəvi dövlət prinsipləri ilə uzlaşır.
“Azərbaycan dünyəvi dövlətdir və təhsil sistemi də bu prinsipə əsaslanmalıdır. Ölkədə dini dövlət modelinin mövcud olmadığını vurğulayan alim hesab edir ki, məktəblərdə geyim qaydalarının müəyyənləşdirilməsi normal yanaşmadır.
Mövcud geyim kodeksində şagirdlər üçün radikal xarakterli məhdudiyyətlər nəzərdə tutulmayıb. Vahid geyim qaydaları şagirdlər arasında geyim üzərindən yaranan rəqabətin və sosial müqayisələrin qarşısını almağa kömək edə bilər.
Geyimlə bağlı yarış və müqayisələr bəzən ailələr arasında da sosial fərqlərin qabardılmasına səbəb olur. Vahid geyim qaydalarının tətbiqi isə şagirdlərin diqqətini xarici görünüşdən daha çox təhsilə yönəltməsinə şərait yaradar”.
A.Hacıqədirlinin qənaətinə görə, bu yanaşma şagirdlərin məsuliyyət hissinin artmasına, məktəb mühitində bərabərliyin güclənməsinə və təhsilin əsas məqsədlərinə daha çox diqqət ayrılmasına töhfə verə bilər.
Aynurə İsmayıl
KONKRET.az
