Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin vəziyyəti ağırlaşıb. Onun mədə qanaxması nəticəsində komaya düşdüyü bildirilib.
KONKRET.az globalinfoaz-a istinadən Ehtiram Əliyevin həyat və fəaliyyəti ilə bağlı yazını təqdim edir:
Ehtiram İsrayıl oğlu Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı Maşınqayırma Texnikumunda oxuyub. 1992-ci ildə təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlayıb.
Naxçıvandan Qarabağ cəbhəsinə
Ehtiram Əliyev hərbi xidmətinin ilk dövrlərində Naxçıvan Muxtar Respublikasına göndərilib. Sədərək və Batabat yaylağı istiqamətlərində erməni silahlı birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak edib.
1993-cü ilin iyulunda xidmət etdiyi hərbi hissə Ağdam istiqamətinə göndərilib. Bundan sonra Əliyev Ağdam, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında gedən döyüşlərdə iştirak edərək fərqlənib.
1993-cü il avqustun 23-də Füzuli rayonunun Əhmədbəyli kəndi istiqamətində ağır döyüşlər başlayıb. Həmin əməliyyat zamanı Azərbaycan Ordusu düşmənin müqavimətini qırmağa və bir sıra kəndləri geri almağa nail olub.
Yaralansa da, döyüş yoldaşlarını tək qoymadı
Ehtiram Əliyevin döyüş yolunun diqqətçəkən məqamlarından biri 1994-cü ilin yanvarında baş verib. Həmin il yanvarın 5-də döyüşçülərimiz erməniləri 45 km geri oturdurlar. Ehtiram Əliyev bu döyüşdə yaralanmasına baxmayaraq, silahı yerə qoymur, müalicə olunan kimi yenidən səngərə dönür.
20 aprel 1994-cü ildə onu Tərtər cəbhəsinə göndərdilər. Bu döyüşlər zamanı onlarla erməni qulduru məhv edildi.
Milli Qəhrəman adının verilməsi
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprelin 4-də imzaladığı 307 nömrəli fərmanla Ehtiram İsrayıl oğlu Əliyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ehtiram Əliyev 1996-cı ilin avqustunda ordudan tərxis edilib.
Sonrakı illərdə Bakının Sabunçu Rayon Polis İdarəsində çalışıb.
