Prezident İlham Əliyevin Bişkek Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Hindistanın Baş naziri Narenda Modi ilə görüşü diqqət çəkib.
Liderlərin səmimi dialoqunu əks etdirən görüntülər Bakı-Dehli münasibətləri fonunda maraqla qarşılanıb.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, Prezident İlham Əliyev ilə Narendra Modinin ŞƏT Sammiti çərçivəsində keçirdiyi görüş iki ölkə arasında münasibətlərin inkişafı baxımından diqqətçəkən hadisədir:
“Liderlərin görüşü ilk dəfədir, baş tutur. Sentyabrın 1-də keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması Azərbaycan–Hindistan əlaqələrinin yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, regional və beynəlxalq gündəmin də tərəflər üçün əhəmiyyət daşıdığını göstərir.
Bu görüşün əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Hindistan kimi Cənubi Qafqaz və Cənubi Asiyanın mühüm dövlətlərinin yüksək səviyyədə birbaşa təmasları qarşılıqlı siyasi dialoqun davam etdirilməsi baxımından imkanlar yaradır.
Xüsusilə də, ŞƏT kimi regional əməkdaşlıq platformasının çərçivəsində keçirilən görüş tərəflərə həm ikitərəfli münasibətləri, həm də daha geniş regional məsələləri müzakirə etmək imkanı verir.
Görüşü Azərbaycan–Hindistan münasibətlərində dialoqun saxlanılması və qarşılıqlı maraqların müəyyənləşdirilməsi baxımından müsbət qiymətləndirərdim. Eyni zamanda, bu cür yüksək səviyyəli təmasların gələcəkdə iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-logistika əməkdaşlığının və digər praktiki istiqamətlərin inkişafına siyasi zəmin formalaşdırması mümkündür. Düşünürəm ki, Əliyev–Modi görüşünü iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli diplomatik təmas kimi qiymətləndirmək lazımdır”.
Politoloq bildirib ki, görüşün konkret nəticələrindən daha çox, hazırkı mərhələdə onun yaratdığı siyasi kommunikasiya kanalları və gələcək əməkdaşlıq üçün formalaşdırdığı imkanlar diqqət çəkir:
“Pakistanla münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, eyni zamanda İslamabad və Dehli arasında münasibətlərin kifayət qədər həssas xarakter daşıdığını nəzərə alsaq, Azərbaycanın hər iki ölkə ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətləri davam etdirməsi xarici siyasətimizin balanslı və praqmatik xarakterini nümayiş etdirir. Bakı üçün əsas məsələ tərəflərdən hər hansı birinin mövqeyinə qarşı mövqe tutmaq deyil, hər iki ölkə ilə öz milli maraqları çərçivəsində siyasi dialoqu və əməkdaşlıq imkanlarını qorumaqdır”.
