Texnologiyanın sürətlə inkişaf etdiyi, bəzi peşələrin tarixə qovuşduğu, yenilərinin isə meydana çıxdığı bir dövrdə əmək bazarının gələcəyi ilə bağlı müzakirələr daha da aktuallaşıb. Bir vaxtlar universitet diplomu uğurlu karyeranın əsas təminatı hesab olunsa da, bu gün işəgötürənlər getdikcə daha çox praktik bilik və bacarıqlara üstünlük verirlər.
Bəs gələcəkdə əmək bazarındakı dəyişikliklər fonunda hər kəs təhsil aldığı ixtisas üzrə işləyə biləcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, təhsil sistemi ilə əmək bazarı arasında qarşılıqlı əlaqə daim dəyişir və yeni tələblərə uyğun istiqamətlər formalaşır.

“Son vaxtlar Azərbaycanda da yeni ixtisasların açılması ilə bağlı məlumatlar yayılır.
Misal olaraq, əmlak bazarının idarə edilməsi kimi yeni istiqamətlər meydana çıxır. Bu da göstərir ki, əmək bazarının tələblərinə uyğun olaraq həm təhsil sistemi, həm də peşə sahələri daim dəyişir”.
Ekspert hesab edir ki, müasir dövrdə işəgötürənlər üçün diplomdan daha çox namizədin bacarıqları ön plana çıxır.
“Əgər bir gənc İT sahəsində və ya alternativ enerji texnologiyalarında yüksək peşəkarlığa malikdirsə, işəgötürən üçün ilk növbədə onun diplomu deyil, bacarıqları maraqlı olacaq. Məsələn, biz satıcı və ya satış mütəxəssisi axtaranda diplomdan əvvəl namizədin bacarıqlarını və əldə etdiyi nəticələri qiymətləndiririk. Bu gün bir çox sahədə əsas meyar insanın nə bildiyi və nə bacardığıdır”, – deyə o, vurğulayıb.
Fuad Hacıyev qeyd edib ki, gələcəkdə hər kəsin mütləq bitirdiyi ixtisas üzrə fəaliyyət göstərəcəyini gözləmək real deyil:
“Əsas məsələ əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara sahib olmaqdır. Buna görə də hesab etmirəm ki, gələcəkdə bütün insanlar yalnız təhsil aldıqları ixtisas üzrə işləyəcəklər”.
Ekspertin fikrincə, əmək bazarında uğur qazanmaq üçün diplomla yanaşı, davamlı öyrənmək, yeni bacarıqlar əldə etmək və dəyişən tələblərə uyğunlaşmaq həlledici rol oynayacaq.
Aynurə İsmayıl
KONKRET.az
