Türkiyənin sosial media məkanında Azərbaycanın məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müzakirələr və diplomatik nümayəndəliyimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasında qarşılıqlı anlaşma və suverenliyə hörmət məsələsini yenidən gündəmə gətirib. Azərbaycanın təhsil siyasətinə dair qərarının xaricdə müzakirə olunması fonunda əsas sual budur: fikir ayrılıqları Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmədən necə tənzimlənməlidir?
Mövzu ilə bağlı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanın məktəblərdə vahid geyim qaydası tətbiq etməsi ölkəmizin təhsil siyasətini müstəqil müəyyənləşdirmək hüququ çərçivəsində qiymətləndirilməlidir.

“Türkiyənin sosial media məkanında bu məsələ ətrafında müxtəlif fikirlərin səsləndirilməsi təbii olsa da, müzakirələrin Azərbaycanın daxili işlərinə müdaxilə kimi qəbul edilə biləcək təzyiq formasına çevrilməməsi vacibdir.
Azərbaycanın məktəblərdə vahid geyim qaydası tətbiq etməsi məktəblərdə vahid standartların, nizam-intizamın və dünyəvi təhsil prinsiplərinin qorunmasına xidmət edir”.
Onun sözlərinə görə, hər iki ölkənin öz hüquqi sistemi, dövlətçilik ənənələri və ictimai prioritetləri var.
“Bu fərqlərə hörmətlə yanaşmaq dostluq münasibətlərinin əsas şərtlərindəndir.
Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq qarşılıqlı etimad və suverenliyə hörmət üzərində qurulub. Buna görə də fikir ayrılıqlarının emosional kampaniyalarla deyil, konstruktiv dialoq və qarşılıqlı anlayış əsasında müzakirə edilməsi hər iki ölkənin maraqlarına uyğundur.
Qardaşlıq münasibətlərinin möhkəmliyi bir-birinin qərarlarına hörmət etməkdən və fikir ayrılıqlarını qarşılıqlı anlaşma çərçivəsində həll etməkdən keçir”.
Aynurə İsmayıl
KONKRET.az
