Bakıda ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və cinayətin digər iştirakçıları ilə bağlı məhkəmə qərarı elan olunub.
KONKRET.az lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə Əzizə Seyidova, Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin apellyasiya şikayətinə baxılıb.
Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.
Beləliklə, Əzizə Seyidovanın 17 il, Mehdi Məmmədovun 18 il 6 ay, Bəxtiyar Fərzəliyevin və Elvin Əliyevin hər birinin 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə qalıb.
Xatırladaq ki, qanlı hadisə 2023-cü il martın 16-da Bakının Sabunçu rayonunda baş verib.
Həmin gün gecə saat 00:05 radələrində 30 yaşlı Əli Seyidli yaşadığı fərdi evin qarşısında qətlə yetirilib.
İstintaq zamanı qətlin zərərçəkmişin həyat yoldaşı Əzizə Seyidovanın sifarişi və təşkilatçılığı ilə törədildiyi müəyyən edilib.
Cinayətin icrasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin iştirak etdiyi bildirilib.
Əzizə Seyidova qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə adam öldürməni təşkil etməkdə və buna təhrik etməkdə, digər üç nəfər isə həmin qətli törətməkdə təqsirli bilinib.
2026-cı il yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarıb.
