Qəsdən adam öldürməkdə təqsirli bilinən qadın hakim qarşısına çıxarılıb. O, qeyri-rəsmi münasibətdə olduğu şəxsi qətl yetirib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi məhkəmə iclası başlayıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında polis əməkdaşı Xaliq Həbibov ifadə verib.
O bildirib ki, postda olduqları zaman iki nəfər onlara yaxınlaşaraq park ərazisində bir nəfərin yerə yıxıldığını deyib:
“Biz əvvəlcə düşündük ki, hansısa spirtli içki içən şəxsdir. Çünki adətən belə hadisələr olurdu. Hadisə yerinə gələndə gördük ki, parkın mühafizə xidmətinin işçisi də ordadır. Nəbzinə baxanda bildik ki, ölüb. Üstü qan idi. Biz idarəyə xəbər verib, hadisə yerini mühafizə etməyə başaldıq”.
Polis əməkdaşına sual verilib ki, hadisənin baş verdiyi yerdə nəzarət kamerası olubmu. Xaliq Həbibov deyib ki, parkda nəzarət kamerası olsa da, hadisə kameradan kənarda baş verib: “Hadisə musiqi məktəbinin arxasında olub. Ora kameraya düşməyib”.
Prosesdə şahid qismində ifadə verən Rəna Nəcəfova bildirib ki, Günel Qasımovanın iş yoldaşı olub. Günel hadisə baş verən gün evdən çıxarkən həyat yoldaşına “Rənanın ad gününə gedirəm” deyib. Şahid bildirib ki, bu barədə istintaqda xəbər tutub.
Təqsirləndirilən Günel Qasımovanın həyat yoldaşı Rəhim Qasımov da məhkəmədə şahid kimi dindirilib. O bildirib ki, 2004-cü ildən evlidir. Hadisə baş verən gün Günel ona iş yoldaşı Rənanın ad gününə gedəcəyini deyib
Şahid qismində ifadə verən taksi sürücüsü Abdurəhman Abdurəhmanov bildirib ki, Güneli hadisə baş verən günü taksi sifarişinə əsasən Yasamaldan Xırdalana aparıb.
Qətlə yetirilənin dostu Taleh Mahmudov bildirib ki, hadisə baş verən gün Ramizlə görüşməli idi. Ancaq sonradan digər dostu zəng edərək, belə bir hadisə baş verdiyini deyib. O suallara cavab olaarq, Ramizin başqa bir qadınla münasibəti olduğunu və həmin qadının polis işlədiyini bilib.
Məhkəmədə mərhumun dostları da şahid qismində ifadə verib. Buna səbəb onların hadisədən əvvəl görüşməsi olub. Dostları mərhum Ramizin həmin zaman kiminləsə tez-tez telefonda danışdığını təsdiqləyiblər.
Günel Qasımovanın anası Gülnaz Qasımova da məhkəmədə dindirilib və qızının günahsız olduğunu bildirib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.
Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.
Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
