İsveç parlamentinin deputatı Erik Helsborn Aİ-nin Ermənistandakı casus missiyasının mandatının uzadılması ilə bağlı fikirlərini bölüşüb. İsveçli deputat absurd fikirlər səsləndirib. Bildirib ki, Aİ missiyası guya Azərbaycanın Ermənistana mümkün hücumunun qarşısını almağı çalışır.
Ermənistanda da başa düşürlər ki, regiondan xəbərsiz bir nəfərin bu cür fikirlər səsləndirməsi həqiqəqətə uyğun deyil. Əvvəla ona görə ki, Azərbaycan heç vaxt başqa ölkənin ərazisinə iddia etməyib və planda hər hansı hərbi əməliyyat nəzərdə tutulmur. Təcavüzkar Ermənistana 30 il “gözün üstə qaşın var” deməyən Avropa indi Azərbaycandan işğalçı ölkə imici yaratmağa çalışır. Əslində təcavüzkar siyasəti Ermənistan aparır, Fransa və Hindistandan aldığı hücum silahlarını Azərbaycanla şərti sərhəddə toplayır. Avropadan gəlmiş kəşfiyyat dəstəsi isə gecə-gündüz Azərbaycana tərəf boylanmaqla məşğuldur.
Məsələnin digər tərəfinə gəlincə, Azərbaycan Silahlı Qüvvələri əgər Ermənistan tərəfindən hər hansı təhlükə hiss edərsə, o zaman sərhədimizdən boylanan kəşfiyyatçıya seyrçi qalmayacaq və qəti addımlar atacaq. Əgər bu baş verəcəksə, Aİ-nin müşahidə missiyası çətin ki, öz mövqeyində axıracan qala bilsin. Daha doğurusu, onların Azərbaycan ordusunun qarşısını almağa sadəcə gücləri çatmayacaq. Bu, sadəcə ehtimaldır və güman edirik ki, şərti sərhəddə hər hansı qarşıdurma baş verməyəcək və bütün mübahisəli məslələr öz həllini tapacaq.
İsveçli deputat bir qədər də irəli gedərək “Ermənistana qarşı döyüşkən ritorikadan” qəzəbləndiyini bildirib. O, ermənilərin “pozulan hüquqlarına” dözə bilmədiyini dilə gətirib. Görünür, erməni konyakının təsirindən cuşə gələn İsveç parlamentinin üzvünün məsələdən ümumiyyətlə xəbəri yoxdur. O, hələ də bilmir ki, insan hüquqlarını pozan Ermənistandır. 33 il əvvəl ermənilərin Xocalıda törətdiyi soyqırımını unudan Helsborn, indi Ermənistanda baş verə biləcək “müharibədən” qorxur. Ermənilərin hüquqlarını əlində bayraq edən isveçli deputat bir dəfə də olsun azərbaycanlı qaçqınlar haqqında maraqlanmayıb. Guya o bilmir ki, Azərbaycanın suveren əraziləri 30 ildən artıq Ermənistanın işğalı altında olub və ermənilər yüzlərlə şəhər və kəndlərimizi viran qoyub? Avropada və dünyada bu faktları çox yaxşı bilirlər, sadəcə xristian təəssübkeşliyi onlara həqiqətin gözünə dik baxmağa imkan vermir.
Bax belə, bu, xristian dünyasının real mənzərəsidir. Həqiqəti bilə-bilə fərqli mövqe tutmaq və reallığı təkzib etmək, zərər çəkən tərəfi təcavüzkar kimi qələmə vermək, onu cəzalandırmaq cəhdi Qərbin həmişəki adətidir. Məhz bunun nəticəsiydi ki, 1992-ci ildə ərazilərimiz işğala məruz qalan zaman ABŞ Konqresi Azərbaycana qarşı sanksiya tətbiq etdi. Bəlkədə dünyada misli görünməmiş bir hadisə baş verdi. Əraziləri işğala məruz qalan ölkəyə qarşı sanksiya tətbiq olunurdu. Niyə? Ona görə ki, xristian dünyası məsələyə ikili standartlardan yanaşırdı. Bununla belə, başda ABŞ olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyan böyük dövlətlər Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməklə onların mövcudluğuna şərait yaradırdılar. Ədalət prinsiplərindən danışan Avropa siyasətçiləri bir milyon azərbaycanlı qaçqının pozulan hüquqlarını görməzdən gəldi. İndi regionda geosiyasi vəziyyət kökündən dəyişib və söz sahibi Azərbaycandır. İndi oyun Azərbaycanın şərtləri altında gedir.
Vəli Həsənoğlu,
KONKRET.az