Ermənilərin iddialarına Misir Mərdanovdan cavab: Ağlamamışam, erməni dilində danışmamışambackend

Ermənilərin iddialarına Misir Mərdanovdan cavab: Ağlamamışam, erməni dilində danışmamışam

Ermənilərin iddialarına Misir Mərdanovdan cavab: Ağlamamışam, erməni dilində danışmamışam
Xəbər verdiyimiz kimi Ermənistanın “Hraparak” nəşrinin Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun 26 il əvvəlki Ermənistan səfəri ilə bağlı material dərc edib. Yazı geniş müzakirələrə səbəb olub. Nəşr sabiq nazirin qış aylarında Ermənistana getdiyini, doğulduğu kənddə erməni dilində danışdığını, kövrələrək ağladığını, keçmiş qayınatasının evinə baş çəkdiyini, hətta nümayəndə heyətinin üzvü İlham Mustafayevin erməni dilində şeir söylədiyini iddia edib.

KONKRET.az xəbər verir ki, publika.az məsələ ilə bağlı Misir Mərdanovun mövqeyini öyrənib. Sabiq nazir bildirib ki, “Hraparak”ın yazısında doğulduğu kəndə getməsi kimi doğru məqamlar olsa da, bir sıra iddialar həqiqəti əks etdirmir.

“Hraparak”: Səfər qış aylarında baş tutub

Misir Mərdanovun sözlərinə görə, səfərin vaxtı barədə yazılanlar tamamilə yanlışdır: “Ermənistana 2000-ci il mayın 29-da getmişəm. Buradan təyyarə ilə Tiflisə uçmuşduq. Orada gürcü həmkarlarımızla görüşdük və onların avtomobilləri ilə Ermənistana yollandıq. “Hraparak” yazır ki, guya qış idi. Xeyr, bu, tamamilə yanlışdır. Mən mayın 29-dan iyunun 1-dək Ermənistanda olmuşam”.

O bildirib ki, səfər BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə keçirilən tədbirlə bağlı idi.

“Rusiyadan heç bir nümayəndə yox idi. Yalnız Gürcüstan və Azərbaycandan nümayəndələr iştirak edirdi. Gürcüstan tərəfindən nazir yox, müavini gəlmişdi. Mən özüm iştirak edirdim. Nümayəndə heyətində Nazirliyin mətbuat xidmətinin əməkdaşı Asif Cahangirov və Ali Təhsil İdarəsinin rəisi İlham Mustafayev də var idi. Tədbir Göyçə gölünün yaxınlığındakı Dərəçiçək deyilən ərazidə keçirilirdi. Biz birbaşa ora getdik, gecəni də orada qaldıq. Tədbir başa çatdıqdan sonra bizi İrəvana apardılar. İrəvanda baş nazir, parlament sədri və prezidentlə görüşümüz oldu”, – deyə müsahibimiz bildirib.

“Hraparak”: Misir Mərdanov erməni dilində danışıb

Sabiq nazir bu iddianı qətiyyətlə rədd edib.

“Orada bilirdilər ki, mən Qərbi Azərbaycandanam. Məndən hansı arzumun olduğunu soruşdular. Biz bütün söhbətləri rus dilində aparırdıq. Mən erməni dilində cəmi bir neçə söz bilirəm. Guya mənim erməni dilində danışmağım barədə yazılanlar doğru deyil. Bu, kökündən yanlışdır”.

“Hraparak”: Səfər zamanı xüsusi proqram hazırlanıb

Misir Mərdanov doğulduğu kəndə getdiyini təsdiqləsə də, bunun necə baş verdiyini ətraflı danışıb: “İki arzum olduğunu dedim. Birincisi, doğulub boya-başa çatdığım kəndi görmək idi. Dərhal həmin məsələni həll etdilər. İkinci arzum isə uşaqlıqdan istifadə etdiyimiz İcevan-Qazax-Ağstafa marşrutu ilə bir daha getmək idi. Dedilər ki, bu mümkün deyil. Çünki həmin ərazilər münaqişə zonasıdır, minalanmış yerlər var. Amma birinci istəyimi yerinə yetirdilər”.

Onun sözlərinə görə, bundan sonra kəndə getmək üçün iki avtomobil ayrılıb.

“Mən özümlə Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadəni götürdüm. Çünki onun fotoaparatı və videokamerası var idi. İrəvandan bizim kəndə təxminən 130 kilometrlik yol var. Havalar isti idi. Mayın sonu, iyunun əvvəli idi. Dilicana çatdıq, oradan bir qədər ərzaq aldıq və kəndimizə getdik”, – deyə keçmiş nazir bildirib.

“Hraparak”: Misir Mərdanov doğma evində ağlayıb

Sabiq nazir bu barədə yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

“Bizim evdə yaşlı bir kişi və qadın yaşayırdı. Həyəti gəzdim. Təbii ki, uzun illər keçdiyi üçün evdə müəyyən dəyişikliklər edilmişdi. Yazırlar ki, guya mən orada ağlamışam. Elə şey olmayıb. Doğrudur, insan uzun illərdən sonra doğulub boya-başa çatdığı ocağa qayıdanda kövrəlməməsi mümkün deyil. Mən də kövrəldim. Amma ağlamadım, özümü saxladım”, – deyə o bildirib.

Mərdanov deyib ki, daha sonra evin eyvanında oturublar: “Dilicandan aldığımız çörək, kolbasa və digər ərzaqlardan yedik, bir stəkan çay içdik, sonra da geri qayıtdıq”.

Erməni nəşri: Keçmiş qayınatasının evinə də baş çəkib

Misir Mərdanov bunu da təkzib edib: “Bu da yalan söhbətdir. Mən yalnız öz evimizi görmüşəm. Başqa heç kimin evinə getməmişəm”.

Müsahibimiz nəşrin İlham Mustafayevin erməni dilində şeir deməsi ilə bağlı iddisına da toxunub. Nümayəndə heyətinin üzvü, o vaxtkı Ali Təhsil İdarəsinin rəisi İlham Mustafayevin erməni dilində şeir söylədiyini də iddia edib. Misir Mərdanov isə bunu da yalan adlandırıb: “Belə bir hadisə olmayıb. Bu da doğru deyil”.

Bu yazının indi yayılması təsadüfi deyil

Misir Mərdanov hesab edir ki, 26 il əvvəl baş vermiş səfərin məhz indi gündəmə gətirilməsi müəyyən məqsədlər daşıya bilər: “Mənə elə gəlir ki, bu yaxınlarda Prezidentin köməkçisi Hikmət Hacıyev Dilicana səfər etmişdi. Dilican da bizim bölgədə yerləşir. Ola bilsin, ermənilər göstərmək istəyirlər ki, bu, həmin bölgəyə ilk səfər deyil. Digər tərəfdən, mən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədriyəm. Biz qayıdış məsələsini tez-tez gündəmə gətiririk. Ola bilər ki, bununla bağlıdır. Başqa səbəb deyə bilmərəm”.

Sabiq nazir Ermənistan nəşrinin faktları niyə təhrif etməsi ilə bağlı suala isə belə cavab verib:

“Mənə elə gəlir ki, sadəcə bəzi məqamları düzgün xatırlamayıblar. Onlar bunu harada qeyd edirlər ki? Mən belə hesab edirəm ki, sadəcə yaddan çıxarıblar”.

Beləliklə, Misir Mərdanov “Hraparak”ın yazısında doğulduğu kəndə getməsi faktını təsdiqləsə də, səfərin vaxtı, erməni dilində danışması, ağlaması, keçmiş qayınatasının evinə baş çəkməsi və İlham Mustafayevlə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*