İrəvanın Qərbyönlü kursu Ermənistandakı bəzi siyasi dairələrdə narahatlıq yaradır. Erməni siyasi dairələrində hesab edirlər ki, onları Avropada heç kim gözləmir və hakimiyyətin bu addımı Ermənistanı növbəti fəlakətə sürükləyir. Bəzi ekspertlər bunu Gürcüstan, digərləri Ukrayna ilə müqayisə edirlər. Bildirirlər ki, Paşinyanın Qərb sevgisi erməni dövlətçiliyinin sonu ola bilər.
KONKRET.az xəbər verir ki, politoloq Arman Qukasyanın fikirincə, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya cəhdi növbəti fiaskoya uğramaqdadır.
Qukasyan hesab edir ki, köhnə dünyada baş verən son hadisələr İrəvan üçün risklər yaradır:
”Almaniyada Olaf Şoltsun son məğlubiyyəti Aİ-nin siyasi mənzərəsinin necə dəyişdiyinin parlaq nümunəsidir. Şolts səs-küylə seçkiləri uduzdu və istefa verdiyini açıqladı. Birinci yerdə Xristian Demokratlar Partiyasıdır, onun lideri Fridrix Merts kansler olmalıdır. Sağçıların və avroskeptiklərin artan populyarlığı Aİ-nin birliyini, eləcə də yeni ölkələrə inteqrasiya imkanlarını şübhə altına alır. Bir müddət əvvəl Brüsseldə kursu avropapərəst siyasətçilər diktə edirdisə, indi fərqli mənzərə müşahidə olunur. Bu hadisələr fonunda Ermənistanın Aİ-nin orbitində möhkəmlənmək cəhdləri perspektivsizdir. Aİ Ermənistanın tam inteqrasiyasını müzakirə etməyə belə hazır deyil.
Xatırladaq ki, bir qədər əvvəl Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano birbaşa bəyan etmişdi ki, Ermənistan-Aİ danışıqlarının təşkilata üzvlüyə namizədlik ehtimalı ilə heç bir əlaqəsi yoxdur. Və hətta yeni namizədlər, o cümlədən Ukrayna və Moldova artıq real maneələrlə üzləşib. Əslində, Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin Ukraynaya dəstək sammiti də təşkilatda daxili böhranın olduğunu göstərdi. Avropa İttifaqının ali nümayəndəsi Kaia Kallas Ukrayna bayrağının rənglərinə bürünərkən, Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp gözlənilmədən münaqişənin sülh yolu ilə həllinə ehtiyac olduğunu bəyan edib.
Avropalıların getdikcə daha çox sülhdən danışması təəccüblü deyil. Beləliklə, hazırkı Ermənistan hakimiyyətinin dünya düzənindəki köklü dəyişikliklər fonunda Aİ-yə inteqrasiya etmək istəyi sadəcə, ölkəmizə baha başa gələ biləcək strateji səhv hesablamadır”.
Beləliklə, Ermənistanın Avropa İttifaqına üzvlüyə can atması Rusiyaya qarşı təzyiq kimi qiymətləndirilir. Moskva isə bir neçə dəfə Ermənistana Aİ-yə inteqrasiya ilə bağlı xəbərdarlıq da edib. Əks halda, İrəvan Rusiyanın patronajlığı altındakı iqtisadi təşkilatdan-Avrasiya İqtisadi Birliyindən qovula bilər. O zaman Ermənistana nə Avropa İttifaqı, nə də Fransa yardım göstərəcək.
Vəli Həsənoğlu,
KONKRET.az