Ermənistan son cəhdini edəcək – İrəvan çıxılmaz vəziyyətdə – Rus ekspertlə MÜSAHİBƏbackend

Ermənistan son cəhdini edəcək - İrəvan çıxılmaz vəziyyətdə – Rus ekspertlə MÜSAHİBƏ

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin detalları müzakirə olunur və bəzi prinsiplər üzrə razılaşmalar əldə edilib. Sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr Cənubi Qafqazı münaqişə ocağına döndərməkdə maraqlıdırlar. Bunun üçün Ermənistanı alət kimi istifadə edən Qərb düşmən ölkəni silahlandırmaqla məşğuldur. Ötən həftə vasitəçilərin köməyi olmadan Azərbaycan və Ermənistan birgə bəyanat veriblər. Bu isə irəliyə doğru çox mühüm addımdır.

KONKRET.az bununla bağlı rusiyalı politoloq Kirill Koktışlanın müsahibəsini təqdim edir.

– Bakı və İrəvan birgə bəyanat verdi və bu da danışıqlar yolunda irəliləyiş olduğunu göstərir. Sizcə, Ermənistan – Azərbaycan münaqişəsinə son qoymaq mümkün olacaqmı?

– Birgə bəyanatı alqışlayıram. Burada müəyyən optimizm ruhu var. Amma bu razılaşmaların nə dərəcədə möhkəm olacağı da sual doğurur. İndi Paşinyana sülh müqaviləsi bağlamaq məsələni bulanıq vəziyyətdə qoymaqdan qat-qat sərfəlidir. Beynəlxalq aləmdə saziş ətrafında həddən artıq ajiotaj var. Ermənistan baş nazirinin nəyisə imzalaması və səhifəni çevirməsi həyati əhəmiyyət kəsb edir.

– Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması Moskva üçün faydalıdırmı?

– Rusiyaya regionda uzunmüddətli sabitlik lazımdır. Ona görə də Moskva regionla bağlı istənilən balanslaşdırılmış qərarda maraqlıdır. Bu da Azərbaycan və Ermənistana sərf edir.

– Kollektiv Qərbə Bakı ilə İrəvan arasında sülh sazişi nə dərəcədə lazımdır?

– Hesab edirəm ki, Qərb belə bir razılaşmada maraqlı deyil. O, qeyri-sabitlikdən faydalanır. Oyunun belə forması ABŞ və Aİ üçün daha cəlbedicidir. Yəni hər şey ənənəvidir.

– İrəvan, yumşaq desək, münasibətlərin şaxələnməsini istəyir. Ermənistan Rusiyanı tərk edərək Qərbə üz tuturmu?

– Burada məsələ Paşinyanın şəxsən istədiyi deyil. Onu eskalasiyaya məcbur edən xarici qüvvələrdir. Biz onun Soros kimi Qərb tərəfdarlarından asılılığının nə dərəcədə olduğunu dəqiq bilmirik. Amma aydındır ki, Qərbin məqsədi Rusiya sərhədlərinin bütün perimetri boyunca sabitliyi pozmaqdır.

Ermənistandan ikinci Ukrayna düzəltmək mümkün olmayacaq, baxmayaraq ki, o, Cənubi Qafqazda, xüsusən də Ermənistanda vəziyyətin uzunmüddətli sabitliyini pozmaq planını həyata keçirə bilər. Qərb münaqişə yaratmaqda ixtisaslaşıb.

– Moskva Ermənistanı Qərbdən xilas edə biləcəkmi?

– Moskva Ermənistanın Qərbə yaxınlaşmasına həmişə reaksiya verib. Digər tərəfdən, Ermənistanın yaxın gələcəkdə KTMT və Aİİ-dən çıxacağına inanmıram. Ermənistanda anti-Rusiya kampaniyasına baxmayaraq, həmin təşkilatlardan çıxmayacaqlar. Paşinyan Ermənistanı təhlükəsizlik vakuumunda asılı vəziyyətdə buraxmaq üçün böyük risk edir. Bu, ABŞ-ın özündəki qeyri-müəyyənliklə bağlıdır. Seçkilərdən sonra Vaşinqtonun siyasətində çox şey dəyişə bilər. Lakin uzun müddətdir ki, Ermənistanda Rusiya əleyhinə kampaniya aparılır.

– Qərb Ermənistan üzərindən İranı təxribata çəkmək istəyir. Bu ssenarini necə görürsünüz?

– Qərb Yaxın Şərqdə İranı təxribata çəkə bilməyibsə, Cənubi Qafqazda da  bu siyasət uğursuz olacaq. Tehran bu avantüranın gedişatını yaxşı anlayaraq eskalasiya etməyəcək.

– 2024-cü il seçkilərindən sonra Rusiya siyasətində nəsə dəyişə bilərmi? Moskvanın Cənubi Qafqaz strategiyasını necə görürsünüz?

– Ciddi dəyişikliklərin olacağını düşünmürəm. Rusiya öz maraqlarına uyğun hərəkət edəcək. Lakin Ermənistan anti-Rusiya oyununu davam etdirsə, Kremlin cavab tədbirləri daha sərt ola bilər. Rusiya bu regionu Qərbin təsir dairəsinə vermək fikrində deyil. Bununla belə, ABŞ və Fransa Cənubi Qafqazda sabitliyin pozulmasına töhfə verə bilər. Üstəlik, bu cür cəhdlər mütləq davam edəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*