Ermənistanın ABŞ-dakı səfiri Zəngəzur dəhlizinin mahiyyətindən danışdı – VİDEObackend

Ermənistanın ABŞ-dakı səfiri Zəngəzur dəhlizinin mahiyyətindən danışdı - VİDEO

Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Vaşinqtonda Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasının ildönümü ilə bağlı “NTD News” telekanalına müsahibə verib.

KONKRET.az xəbər verir ki, səfir müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə, hazırkı Ermənistan-Azərbaycan münasibətlərinə və “Tramp marşrutu” adlandırılan TRIPP layihəsinə (Zəngəzur dəhlizi – redş) toxunub.

Mkrtçyanın sözlərinə görə, münaqişənin kökləri Sovet İttifaqının son illərinə gedib çıxır. Onun fikrincə, həmin dövrdə milli hərəkatlar və qarşılıqlı milli iddialar etnik gərginliyə və münaqişəyə səbəb olub.

Səfir hazırda Ermənistanın regionda sülh quruculuğu üçün “unikal imkan” əldə etdiyini bildirib. O, ABŞ-ın və xüsusilə prezident Donald Trampın bu prosesdəki rolunu yüksək qiymətləndirib.

Mkrtçyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında hələ diplomatik münasibətlər və yekun sülh müqaviləsi olmasa da, əldə olunan razılaşmalar nəticəsində iki ölkə arasında dialoq və ticarət başlayıb.

“Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq və müxtəlif məhsulların Ermənistana gətirilməsi üçün Azərbaycanın infrastrukturundan da istifadə edirik”, – səfir deyib.

Ermənistanın ABŞ-dakı səfiri TRIPP layihəsinin mahiyyəti barədə də danışıb.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan eksklavı arasında yerləşir və layihə bu iki ərazi arasında birbaşa əlaqə yaratmalıdır.

Mkrtçyan bildirib ki, marşrut Ermənistanın yurisdiksiyası altında olacaq, lakin ABŞ və Ermənistan hökumətləri tərəfindən birgə idarə ediləcək.

Səfir vurğulayıb ki, TRIPP yalnız avtomobil və dəmir yollarının tikintisini nəzərdə tutmur. Layihəyə elektrik xətləri, yeni boru kəmərləri və fiber-optik rabitə infrastrukturu da daxil olacaq.

Onun sözlərinə görə, TRIPP-in əsas məqsədlərindən biri müxtəlif regionları birləşdirmək, dialoq və texnoloji əməkdaşlıq üçün yeni platforma yaratmaq, eləcə də regionda dinc yanaşı yaşayışı təşviq etməkdir.

Mkrtçyan layihəni həmçinin yeni qlobal təchizat zəncirinin formalaşmasının bir hissəsi kimi qiymətləndirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*