Ermənistanın “Zəngəzur dəhlizi” ilə bağlı şərtini Azərbaycan niyə qəbul etmir? – PƏRDƏARXASI MƏQAMLARbackend

Ermənistanın "Zəngəzur dəhlizi" ilə bağlı şərtini Azərbaycan niyə qəbul etmir? - PƏRDƏARXASI MƏQAMLAR

Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regionda bəzi dövlətlərin marağına xidmət edir. 2020-ci il 10 noyabr bəyannaməsinin 9-cu bəndini yerinə yetirməkdən imtina edən Ermənistan, Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək quru yolun açılmasına mane olur. 10 noyabr bəyannaməsini imzalayan Ermənistanın baş naziri Paşinyan öz öhdəliyini yerinə yetirməkdən yayınır. Ermənistan cəmiyyəti də bir mənalı olaraq Zəngəzur dəhlizinə qarşıdır.

Mövzu bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri bildirib ki, bu gün Ermənistanda bir nömrəli gündəmdə olan məsələ Zəngəzur dəhlizidir:

“Bununla bağlı parlamentin sədri Simonyan da açıqlama verib. Deyib ki, Azərbaycana təkliflər verilib və sadələşdirilmiş keçid konteksində Azərbaycandan dəmiryol vasitəsi ilə daşınan yüklər yoxlanmadan Naxçıvana keçə bilər. O, bildirib ki, bu kontekstdə Azərbaycanın cavablarını gözləyirlər. Eyni zamanda bu, Ermənistandakı müxalifət qüvvələrinin də gündəmini təşkil edir. Çünki bundan Nikol Paşinyan hökumətinin əleyhinə istifadə etmək istəyirlər. Artıq Qarabağ kartı ilə erməni cəmiyyətini Paşinyana qarşı kütləvi şəkildə qaldırmaq mümkün olmadığını hiss edirlər. Bu baxımdan Zəngəzur dəhlizini yeni ərazi itkisi kimi cəmiyyətə təqdim etməklə məsələni gündəmdə saxlayırlar. Paralel olaraq qlobal güclərin Zəngəzur dəhlizinin açılmasında geosiyasi maraqlarını nəzərə alsaq, bir tərəfdən Çin, digər tərəfdə Türkiyə, eyni zamanda Qərb dünyası da bu tranzit nəqliyyat kommunikasiya sisteminin fəaliyyətini dəstəkləyir”.

Daha sonra, Ermənistanın istəklərindən danışan politoloq bildirib ki, İrəvan Culfadan İrana dəmiryolu xəttini bərpa etmək niyyətindədir:

“Ermənistan indiki vəziyyətdə sadəcə dəmiryol vasitəsi ilə daşınacaq yüklərin yoxlanmadan keçməsini təmin etmək istəyir. Bu, təkcə Azərbaycan üçün deyil, həm də erməni ictimai rəyini buna hazırlamaq xarakyeri daşıyır. Ancaq Ermənistanın da Azərbaycandan istəkləri var. Onlar Azərbaycandan gələn yüklərin yoxlanılmadan Naxçıvana keçməsi konteksində bərabərlik və qarşılıqlılıq prinsipinin tətbiq olunmasını istəyir. Bu, o deməkdir ki, Ermənistan 44 km-lik Mehridən Naxçıvana 44 kilometrlik yol verərkən Naxçıvan ərazisindən keçmişdə mövcud olan dəmir yolu vasitəsi ilə İrana, oradan da Hindistana qədər logistik kommunikasiya sistemi əldə edir. Ancaq burada tələblər hüquqi cəhətdən eyni deyil. Ona görə də Azərbaycan Ermənistanın bu şərtini qəbul etmir. Çünki Azərbaycan “Azərbaycandan Azərbaycana” prinsipi ilə konkret tələb ortaya qoyur. Ermənistanın təklif etdiyi qarşılıqlılıq prinsipləri konteksində bu məsələ alınmır. Ona görə ki, Ermənistan Azərbaycan ərazisi olan Naxçıvandan keçməklə növbəti keçidi öz ərazisindən etmir. İrana keçid istəyir. Bu səbəbdən də, “Azərbaycandan Azərbaycana” prinsipi “Ermənistandan Ermənistana” keçid prinsipi kimi qəbul olunmur”.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*