“Əsas heyvanların rifahıdır”backend

"Əsas heyvanların rifahıdır"

Millət, düz deyirlər ki, “qulaq hər gün yeni bir xəbər eşitməsə, kar olar”, buna görməyən (yeni xəbər görməyən) sözü də əlavə etmək olar. Çünki hazırda insanlar son xəbərləri eşitməkdən tez görürlər, yəni ki “texnika peryod”.

Əlqərəz, mən də arada cocşəbəkələrdə maraqlı şeylər görürəm. Məsələn, AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) adında bir qurum var, heç bir iş görmədən büdcəni, daha doğrusu öz ciblərini doldurmaq üçün qurduqları cərimə toru ilə insanları dövlətlə, hökumətlə üz- üzə qoyur . Gör neft və milyonlar səltənəti hesab olunan Azərbaycan nə günə qalıb ki, məmurların talayıb düzdə qoyduğu büdcəni doldurmaq üçün ac-yalavac qoyduğu xalqın cibinə girmək məcburiyyətindədir. Buna da deyirlər, “xalqın rifahını yüksəltmək üçün atılan addımlar”. Ancaq heç fərqində deyillər ki, rüsum, cərimə yolu ilə xalqın rifahını yaxşılaşdırmaq olmaz. Bunu qoyuram bir kənara, qayıdaq son gördüyüm ifadəyə. Yəni dövlətin AQTA (Azərbaycan Qida Təhlükəsizlik Agentliyi) adlanan başqa bir qurumunun açıqlamasına. Söhbət son günlər bazarlara mal-qara daşıyan sürücülərə göstərilən təzyiqlərdən gedir . Bu məsələyə münasibət bildirən AQTA əməkdaşı bildirib ki, burada məqsəd “HEYVAN RİFAHI” üzrə beynəlxalq standartların təmin olunmasıdır. Ay bərəkallah, ay da “molodes”. Sən demə, ölkəmizdə insanların rifahının yüksəlişi üçün heç bir iş görülməsə də, heyvanların rifahı üzrə beynəlxalq standartların tələblərinə əməl olunması üçün çox böyük işlər gorülürmüş.

Bunu mötəbər bir qurumun əməkdaşı dilinə gətirməsəydi, heç inanmazdım. İndi dostlar, sizdən soruşuram, Azərbaycanda insan  rifahı üzrə beynəlxalq standartlar varmı və onlara necə əməl olunur? Yox, əgər yoxdursa, onda nə üçün ölkəmizdə AİHTA (Azərbaycan İnsan Haqlarının təhlükəsizliyi Agentliyi) yaradılmır? Hesab edirəm ki, belə bir agentlik olsaydı, onun insan haqlarını tapdalayan hər kəsi cərimələmək hüququ da olardı. Bu isə büdcəyə milyonlarla gəlir gətirə bilərdi. Cünki ölkəmizdə, parklanma, mal-qara daşıma sahəsində çalışan kadrlardan qat- qat çox insan haqlarına məhəl qoymayan harınlar var . Hələlik bu qədər.

PS. Bu təklifi reallaşdırmaq qərarına gəlsəniz , mənim qonararımı yaddan çıxarmayın.

Yusif Seyid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*