Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur.
Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdir və tibb təhsilində hansı məsələlərə üstünlük verilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov hesab edir ki, ilk növbədə Azərbaycan tibb təhsilinin keyfiyyətinin yüksəldilməsinə və dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək mütəxəssislərin hazırlanmasına diqqət yetirilməlidir.

Onun sözlərinə görə, tibb universitetlərinin əsas vəzifəsi insanların sağlamlığının qorunmasına xidmət edən peşəkar kadrlar yetişdirməkdir.
“Adından da göründüyü kimi, tibb universiteti insanların sağlamlığının keşiyində duran mütəxəssislərin hazırlandığı müəssisədir. Hesab edirəm ki, universitetlərimiz ilk növbədə mövcud tələblərə cavab verən, yüksək səviyyəli mütəxəssislər yetişdirməlidir. Bu məsələləri tam həll etmədən estetik istiqamətə keçməyi düzgün hesab etmirəm. Çalışmalıyıq ki, tibb universitetlərimiz dünyanın aparıcı ali təhsil müəssisələri ilə eyni səviyyədə kadr hazırlaya bilsin. Daha sonra digər istiqamətlərin inkişafına diqqət yetirmək olar”, – deyə terapevt bildirib.
R.Bağırov qeyd edib ki, estetik və plastik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmasının özlüyündə problemli tərəfi yoxdur. Onun fikrincə, bu sahə üzrə ixtisaslaşma imkanı yaradılarsa, həkimlər maraq və seçimlərinə uyğun istiqamətdə fəaliyyət göstərə bilərlər.
“Estetik əməliyyatlar üzrə ayrıca ixtisas açılsa və bu sahə tədris olunsa, burada problem görmürəm. Müalicə istiqamətini seçən həkim öz sahəsində çalışacaq, estetik cərrahiyyəyə marağı olanlar isə həmin istiqamətə yönələcəklər. Azərbaycanda estetik əməliyyatlar aparan kifayət qədər həkimimiz var. Ancaq bu gün səhiyyədə diqqət tələb edən çoxsaylı aktual məsələlər mövcuddur. İnsan estetik əməliyyat keçirmədən də yaşaya bilər”, – deyə o, vurğulayıb.
Beləliklə, terapevtin fikrincə, estetik və plastik cərrahiyyə üzrə ayrıca ixtisaslaşma mümkün olsa da, tibb təhsilində prioritet ilk növbədə səhiyyənin fundamental ehtiyaclarının qarşılanması və peşəkar mütəxəssislərin hazırlanması olmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
