Etibar Məmmədov: “Reallıqda İlham Əliyevə alternativ görmürük”backend

Etibar Məmmədov: "Reallıqda İlham Əliyevə alternativ görmürük"

Azərbaycanda növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca, bir mövzu yenidən gündəmə gəlib; ölkədə niyə güclü müxalifət yoxdur?
Cəmiyyətdə müxalifətə böyük inamsızlıq yaranıb. Müxalifətin hökumət üzərində nəzarət mexanizmi həyata keçirməli olduğunu nəzərə alsaq, təəssüflə bunun əksini müşahidə etdiyimizi deyə bilərik.

Hazırda müxalif partiyaların siyasi proseslərə təsiri nəinki hiss olunmur, heç öz fəaliyyətlərini belə normal qura bilmirlər. Bəs bütün bunların səbəbi nədir?

Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri, sabiq millət vəkili Etibar Məmmədov mövzuya dair KONKRET.az-ın suallarını cavablandırıb:

— Etibar bəy, Azərbaycanda niyə güclü müxalifət yoxdur? Hətta bu cameənin siyasi proseslərə təsiri də yox dərəcəsindədir…

– Azərbaycanda mövcud müxalifətin gücünün olmamasının səbəbləri hamıya yaxşı məlumdur. Aparılan siyasət elədir ki, qeyri-hakimiyyət partiyalarının inkişafı üçün şərait yoxdur. Bundan əlavə, prezidentliyə namizəd olacaq şəxsin hansısa partiya mənsubiyyəti olması vacib deyil. Amma reallıqda biz hazırkı prezidentin alternativinin olmadığını görürük. Şərait elə gətirib ki, müharibə, onun nəticələri, qalibiyyət, dövlət suverenliyimizin bərpa olunması bu gün prezidentə alternativin olmadığını göstərir.

– Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, vəziyyətin müxalifət üçün bu dərəcədə acınacaqlı həddə çatması hökumət üzərində nəzarət mexanizmlərinin itirilməsinə gətirib çıxarır. Yəni güclü müxalifətin olmaması hökumətə də ciddi təzyiqlərin yaranmasına imkan vermir. Müxalifətin bu acınacaqlı durumu cəmiyyətdə hansı mənfi nəticələrlə yadda qalır?

– Təbii ki, bu, ciddi bir problemdir. İstənilən dövlətdə inkişaf üçün rəqabət mühiti olmalıdır. Ancaq bu gün siyasi sferada rəqabət olmadığına görə inkişaf da çox zəif gedir. Ona görə ki, hökumətin üzərində nəzarət yoxdur. Nəzarət isə bir neçə formada ola bilər. Bunlardan biri də siyasi partiyaların nəzarətidir. Bu mənada siyasi hakimiyyətin bir partiyanın əlində təmərküzləşməsi ölkənin inkişafına mane olur.

– Sizcə, bu proses nə qədər davam edəcək və ya müxalif düşərgədə hansısa inkişaf, müsbət ab-hava gözlənilirmi?

– Bunun üçün islahatların keçirilməsi lazımdır. Siyasi azadlıqlardan öncə iqtisadi azadlıqların tam təmin olunması vacibdir. Bundan başqa, ciddi şəkildə hakimiyyətin, idarəçiliyin yerlərə ötürülməsi, yerli idarəetmənin seçki ilə formalaşması lazımdır. Həmişə də alternativlər olmalıdır. Dünya ikili yaranıb, həmişə mənfi ilə müsbətin mübarizəsi şəraitində inkişaf edir. Bunların bir-birinə təsiri inkişafı təmin edir. Siyasətdə də, iqtisadiyyatda da bu qanunlar işləyir. Ona görə də belə bir mühitin təmin olunması vacibdir ki, inkişaf bir əldən yox, ümumi rəqabət mühitinin üzərindən baş tutsun.

– Burada şəxsən siyasi partiyaların da günahı varmı? Çünki onların istər passiv fəaliyyəti, bəzilərinin hökumətə yarınmaq istəyi problemi yaradan amillərdəndir. Yəni mövcud vəziyyətə görə partiyalar özləri də məsuliyyət daşıyırmı?

– Təbii ki, səbəblər çoxdur. Ancaq əsas odur ki, alternativ fikir və rəqabət mühiti üçün şərait yaradılmalıdır. Bütün bunlar cəmiyyətə təqdim olunmalı və cəmiyyət hansı partiyanın ardınca getməli olduğunu özü seçməlidir.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*