Məktəblərdə vahid geyim qaydalarına əməl olunmasına nəzarət gücləndiriləcək. Qarşıdakı dövrdə bu istiqamətdə hər həftə monitorinqlərin aparılması nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib ki, məktəblərdə normal tədris prosesinin və sağlam təhsil mühitinin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirilir.“Bura müəllimlərin işə qəbulu imtahanlarının vahid qaydada keçirilməsi, sertifikatlaşdırma prosesi, eyni zamanda nizam-intizam qaydalarının qorunması daxildir. Bildiyiniz kimi, şagirdlərin davranış qaydaları, eləcə də təhsilverənlərin etik davranış qaydaları təsdiqlənib”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi vahid geyim qaydaları həm şagirdlərə, həm də müəllimlərə aiddir.
“Nizam-intizamın qorunması vacib şərtdir. İntizam olmayan müəssisədə və ya təşkilatda inkişafdan danışa bilmərik. Buna görə də nizam-intizam başlıca şərtdir. Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı qərarı yenidir və hazırda tətbiq mərhələsindədir. Tətbiqlə paralel müntəzəm monitorinqlər aparılır. Geyim qaydalarından kənaraçıxma halları olarsa, bununla bağlı müvafiq tədbirlər görülür”, – E.Əfəndi bildirib.
Ekspert vurğulayıb ki, vahid geyim qaydalarının tətbiqi məktəblərdə sosial bərabərliyin və vahid təhsil mühitinin formalaşmasına xidmət edir.
“Bu tətbiq həm müəllimlər, həm də şagirdlər arasında sosial bərabərliyin, məktəb mühitində vəhdətin və bütövlüyün təmin olunması deməkdir. Belə olan halda həm müəllim, həm də şagird nüfuzunun cəmiyyətdə müsbətə doğru dəyişməsini müşahidə edəcəyik”, – deyə o əlavə edib.
E.Əfəndinin sözlərinə görə, qarşıdakı dövrdə vahid geyim qaydalarının icrasına nəzarət gücləndirilməlidir.
“Qaydalara əməl olunması üçün onların icrasına müvafiq qaydada nəzarət mütləq olmalıdır. Hər həftə monitorinqlər aparılmalıdır. Vahid geyim qaydasını tam tətbiq etdikdən sonra növbəti mərhələdə tədrisin keyfiyyəti ilə bağlı nəzərdə tutduğumuz addımları atmalıyıq”, – deyə təhsil eksperti bildirib.
