Əfsanəvi səyyah, kimyagər, astroloq və sehrbaz Faust… Bəs onun həqiqətən mövcud olduğunu bilirdinizmi?
Əsrlərdir dünya ədəbiyyatında və mədəniyyətində Faust adı insanın fövqəltəbii qüvvələrlə əlaqəsi, bilik və əbədi həyat axtarışı ilə assosiasiya olunur. Lakin Faust təkcə əfsanəvi obraz deyil. Tarixçilərin fikrincə, bu adın arxasında real insan – İohann Georg Faust dayanıb.
Tarixçilərin böyük əksəriyyəti onun təxminən 1480-ci ildə doğulduğunu düşünür. Bununla belə, bəzi mənbələrdə doğum tarixi kimi 1466-cı il göstərilir. Onun doğulduğu yer barədə də vahid fikir yoxdur. Knittlingen, Helmştedt, Zimmern və Zaltsvedel şəhərləri mümkün doğum yerləri kimi qeyd olunur.
Faust haqqında ilk məlumatlardan biri 1508-ci ilə aiddir. Həmin il o, Kreuţnax şəhərində müəllim işləyirdi. Lakin şəhər sakinlərinin təzyiqi nəticəsində buranı tərk etməli oldu.
Başqa məlumatlara görə, İohannes Faust 1509-cu ildə Heydelberq Universitetində ilahiyyat üzrə bakalavr dərəcəsi alan ilk şəxslərdən biri olub. O, həmçinin Krakov Universitetində o dövrün “praktik sehri” kimi təqdim edilən sahəni öyrənib.
Faust sonrakı illərdə Avropanı dolaşaraq özünü alim, astroloq və sehrbaz kimi təqdim edib. Onun haqqında yayılan xəbərlər getdikcə daha da müəmmalı xarakter almağa başlayıb.
Lakin bu şöhrət ona hər yerdə üstünlük qazandırmayıb.
1528-ci ildə İnqolştadt şəhərinin magistratının qərarı ilə Faust şəhərdən qovulub. Bir neçə il sonra – 1532-ci ildə Nürnberq hakimiyyəti onun şəhərə daxil olmasını qadağan edib. Sənədlərdə Faust olduqca ağır ifadələrlə – “böyük sodomit və nekromant doktor Faust” kimi təqdim olunurdu.
O, Erfurt şəhərindən də qovulmuşdu.
Beləliklə, orta əsrlərin Avropasında şəhərdən-şəhərə dolaşan, özünü alim və sehrbaz kimi təqdim edən Faust haqqında müxtəlif əfsanələr yaranmağa başladı. Onun elmi biliklərlə mistikanı birləşdirdiyi, fövqəltəbii qüvvələrə sahib olduğu barədə şayiələr getdikcə geniş yayıldı.
1539-cu ildən sonra isə Faust haqqında etibarlı məlumatlar yoxa çıxır.
Sonrakı əsrlərdə onun adı real tarixi şəxsiyyət olmaqdan çıxaraq nəhəng bir mədəniyyət obrazına çevrildi. Faust haqqında əfsanələr əsərlərə, pyeslərə və poemalara mövzu oldu. Nəhayət, onun adı dünya ədəbiyyatının ən məşhur obrazlarından birinə çevrildi.
Beləliklə, əsrlər boyu insanların şeytanla müqavilə bağlayan, sonsuz bilik və gənclik axtaran mistik alim kimi tanıdığı Faustun arxasında böyük ehtimalla XV–XVI əsrlərdə yaşamış real bir səyyah dayanırdı.
Əfsanə sonradan yarandı. Faust isə, görünür, əvvəlcə həqiqətən yaşamışdı.
Natiq Səlim,
KONKRET.az
