Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən E.Mikayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İbtidai istintaq orqanı tərəfindən E.Mikayılova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.3-cü maddələri ilə ittiham elan edilib.
İttihama görə, o, Bərdə Rayon Təcili Tibbi Yardım Stansiyasında feldşer vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ayrı-ayrı şəxslərin etibarını qazanıb və həmin etibardan sui-istifadə edərək pul vəsaitlərini ələ keçirib.
Belə ki, Elnur Mikayılov 2025-ci ilin fevral ayında Bərdə şəhər sakini, zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə söhbət zamanı onun anasıya əlillik dərəcəsi ilə bağlı pensiya təyin edilməsinə köməklik göstərəcəyini bildirib. Təqsirləndirilən şəxs feldşer kimi işləməsindən istifadə edərək zərərçəkmiş şəxsin ona etibar etməsinə nail olub.
O, bu etibardan istifadə edərək 2025-ci ilin fevralında Bərdə şəhərində S.S.-dən 1 000 manat pul alıb.
Lakin istintaqın versiyasına görə, onun pensiyanın təyin edilməsinə köməklik göstərəcəyi barədə vədləri həqiqətə uyğun olmayıb və həmin pulu ələ keçirmək məqsədi daşıyıb. Nəticədə zərərçəkmiş şəxsə 1 000 manat maddi ziyan vurulduğu bildirilir.
Cinayət işinin digər epizodu isə 2025-ci ilin noyabr ayında baş verib.
Belə ki, Elnur Mikayılov həmin il noyabrın 24-də Bərdə rayon sakini, zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə danışaraq onun atasına həkim tərəfindən yazılmış dərman preparatlarını dəyərindən ucuz qiymətə alacağını vəd edib. Təqsirləndirilən şəxsin feldşer kimi fəaliyyət göstərməsindən istifadə etməsi nəticəsində zərərçəkmiş şəxsin ona etibar etdiyi bildirilir.
Bundan sonra o, D.D.-dən vahid niyyətlə ümumilikdə 840 manat pul alaraq dələduzluq edib.
İttihama əsasən, Elnur Mikayılov hər iki epizod üzrə zərərçəkmiş şəxslərin etibarından onun feldşer kimi fəaliyyət göstərməsindən irəli gələn imkanlardan istifadə etməklə yararlanıb.
Bərdə Rayon Məhkəməsinin hökmü ilə Elnur Mikayılova 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, şikayətində hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
