1992-ci ilin payızında təvazökar fermer Piter Votlinq şumlama zamanı çəkicini itirdi. Əvvəlcə özü axtardı, amma tapa bilmədi. Qənaətcil fermer bu itkiyə üzüldü və metal detektoru olan dostu Erik Lousdan kömək istədi. Lous məmnuniyyətlə razılaşdı.
Pensiyaya çıxanda iş yoldaşları ona metal detektor hədiyyə etmişdilər. O, bir müddət xəzinə tapmaq ümidi ilə yaşadı və aylarla ətrafı gəzdi, lakin heç nə tapa bilmədi. Axtarışlardan əl çəkdi, cihaz isə anbarda tozlanmağa başladı.
Ertəsi gün dostlar detektor və bel götürüb Saffolk qrafılığındakı Hoksn kəndi yaxınlığında axtarışa çıxdılar. Bir saat keçməmiş 69 yaşlı Lous güclü siqnal eşitdi və qazmağa başladı. Bir neçə belləmədən sonra qədim sikkə ortaya çıxdı. İki dost həvəslə qazmağa davam etdi və tezliklə gümüş qaşıqlar, bir neçə qızıl sikkə və zinət əşyaları tapdılar. Onlar sadəcə köhnə çəkic axtarırdılar.
Lous bunun qədim xəzinə olduğunu başa düşdü. Qanunlara hörmətlə yanaşan biri kimi polisə və yerli arxeologiya cəmiyyətinə xəbər verdi. İngiltərə qanunlarına görə, torpaqda tapılan xəzinə sahibi çıxmadığı təqdirdə Tacın mülkiyyətinə keçir, tapana isə dəyərinə uyğun mükafat verilir.
- Xəzinə noyabrın 16-da tapıldı. Ertəsi gün Saffolk arxeoloqları hadisə yerinə gəldi. Qazıntı zamanı sandığın qalıqları və içindəki sikkələr, qiymətli əşyalar aşkar edildi. Aydın oldu ki, pensiyaçı Roma imperiyası dövrünə aid iri xəzinə tapıb. Arxeoloqlar sandığın ətrafında 30 metr radiusda metal detektorlarla da axtarış apardılar.
İtmiş çəkic də eyni tarlada tapıldı. Britaniya Muzeyi bu gülməli hekayədən o qədər təsirləndi ki, fermerdən çəkici muzeyə verməsini xahiş etdi. İndi çəkic xəzinənin yanında fəxrlə nümayiş etdirilir.
Lous 1992-ci ildə müsahibəsində demişdi: “Deyirlər, hamısını özümüzə saxlamalı idik. Amma bu mümkün deyil: qanuna görə tapılan hər tarixi sərvət qiymətləndirilməlidir. Üstəlik, biz bütün sərvəti özümüz yer üzünə çıxara da bilməzdik”.
Tapıntılar torpağın bir neçə qatı ilə birlikdə (yaşını müəyyən etmək üçün) dərhal Britaniya Muzeyinə göndərildi. Ekspertiza nəticəsində xəzinənin eramızın 407-409-cu illərinə aid olduğu müəyyən edildi. Yaş həm də tapılan Roma sikkələrinə əsasən təyin olundu. O dövrdə Britaniya Roma imperiyasının əyalətlərindən biri idi və ada təxminən 43-cü ildən 410-cu ilə qədər romalıların hakimiyyəti altında qalmışdı.
Xəzinənin çəkisi 27 kiloqram idi. Tərkibində 15 mindən çox əşya vardı: gümüş, bürünc və qızıldan hazırlanmış təxminən 14,8 min qədim Roma sikkəsi, gümüş qab-qacaq və 200 qızıl zinət əşyası. Bu gün bütün tapıntıları Britaniya Muzeyində görmək olar.
Xəzinə tapıldığı kəndin adı ilə Hoksn xəzinəsi adlandırıldı. Bu, Britaniyada tapılmış Roma dövrünün ən böyük xəzinələrindən biridir. İnanmaq çətindir, amma sərvət 1500 ildən çox toxunulmaz qalmışdı.
Xəzinə əvvəlcə palıd qutuda saxlanılırdı. Əşyalar kiçik kisələrə və qutulara ayrılmış, bir qismi isə yun parçaya bükülmüşdü. Qutunun ölçüsü 60 x 45 santimetr idi. Onun qalıqları demək olar ki, çürüdüyü üçün qazıntı zamanı qorunub saxlanıla bilmədi.
Bütün əşyalar əla vəziyyətdə qalmışdı. Xəzinənin ən məşhur nümunələri sırasında yaldızlı “İmperatriçənin istiot qabı”, tullanan “Hoksn pələngi” fiquru və almandinlə bəzədilmiş qızıl boyunbağı var.
Xəzinənin sahiblərinin kim olduğunu və onu niyə torpağa gömdüklərini yalnız təxmin etmək olar. O, böyük çaxnaşmalar dövründə, Roma ordusunun əsas hissəsi adanı tərk edərkən gizlədilib. Qorxuya düşən sahiblər sərvətlərini sakson və ya digər tayfaların basqınlarından qorumaq istəmiş ola bilərdi.
Arxeoloq Piter Gest yazır: “IV əsrin sonundan 450-ci ilə qədər, Britaniyada sərvətin ən yüksək həddə çatdığı dövr də daxil olmaqla, İmperiyaya german və hun tayfalarının çoxsaylı basqınları baş verirdi, onları tez-tez geniş dağıntılar və qarışıqlıq izləyirdi”.
Sandığın zəngin romalılara məxsus olduğuna şübhə yoxdur. Kəşfdən bir il sonra arxeoloqlar Saffolkun tarlalarında yenidən axtarış apardılar, lakin Roma yaşayış məskəninin izinə rast gəlmədilər. Ən yaxın belə yaşayış yeri V əsrdə tapıntı yerindən 3 kilometr aralıda yerləşirmiş.
Buna baxmayaraq, Roma dövrünə aid başqa əşyalar, eləcə də sandıq tapılan yerin yaxınlığında dirək çuxuru aşkar edildi. Bu, basdırılmış xəzinəni göstərən nişan ola bilərdi. Çox güman ki, sahibi yerini heç kimə deməyə macal tapmadan ölüb.
Tarixçilərin başqa versiyası da var: xəzinə kiminsə qənimətidir və soyğunçular tərəfindən gizlədilib. Onun əvvəllər tapılmamasının səbəbi isə yəqin ki, əsrlər boyu tarlanın otlaq kimi istifadə olunması və şumlanmamasıdır.
Həvəskar xəzinə axtaran sonra nə oldu? Erik Lous Britaniya hökumətindən 1,7 milyon funt sterlinq (təxminən 2,2 milyon dollar) təltif aldı. Səxavətli pensiyaçı pulun yarısını xəzinənin tapıldığı torpağın sahibi, dostu Votlinqlə bölüşdü.
O dövrdə Britaniya mediası pensiyaçının möhtəşəm kəşfindən danışırdı. Erik məşhurlaşdı, hətta şahzadə Çarlzla (indiki kral) görüşdü. Lakin şöhrətə tamamilə sakit yanaşdı. O, Hoksndə kasıb ailədə doğulub böyümüşdü, uzun illər bağban işləmiş, sonra yerli elektrik paylayıcı şirkətdə çalışmışdı.
Xəzinə tapılanda Lous artıq dul idi. Mükafatın bir hissəsini iki oğluna verdi, digər hissəsi ilə dünya səyahətinə çıxdı. Qayıdandan sonra doğma kəndində sakit həyat sürdü. Erik 2015-ci ildə 92 yaşında vəfat etdi.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
