Fermer subsidiyalarında YENİ TƏKLİF: Pul əvəzinə xərclər subsidiya olunsunbackend

Fermer subsidiyalarında YENİ TƏKLİF: Pul əvəzinə xərclər subsidiya olunsun

Azərbaycanda kənd təsərrüfatının inkişafında dövlət subsidiyalarının rolu böyükdür. Lakin subsidiyaların hansı meyarlar əsasında bölüşdürülməsi, xüsusilə kiçik və orta fermerlərin bu dəstəkdən daha çox faydalanması məsələsi hələ də gündəmdədir.

Bəs fermer subsidiyaları hansı formada verilsə, daha səmərəli nəticə əldə etmək olar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kiçik və orta fermerlərə subsidiya yalnız əkin sahəsinin hektarına və ya təsərrüfatdakı heyvanların sayına görə verilməməlidir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

Onun sözlərinə görə, əsas meyar istehsalın real nəticəsi, məhsuldarlıq və fermerin bazara çıxış imkanları olmalıdır.

“Subsidiyanın daha çox kiçik və orta təsərrüfatlara çatması üçün iri təsərrüfatların bütün vəsaiti toplamasının qarşısını alan limitlər də tətbiq olunur.

Fermerə birbaşa pul ödənişindən daha çox, onun istehsal xərclərini azaltmağa yönəlmiş mexanizmlər faydalı ola bilər. Toxum, gübrə, suvarma, kənd təsərrüfatı texnikası, yem və sığorta xərclərinin müəyyən hissəsinin subsidiyalaşdırılması daha səmərəli nəticə verə bilər”, – deyə ekspert bildirib.

Akif Nəsirlinin fikrincə, xüsusilə kiçik fermerlər üçün əsas məqsəd yalnız maliyyə yardımı göstərmək deyil, onların istehsal imkanlarını genişləndirmək və gəlirlərini artırmaq olmalıdır.

“Subsidiyaların müəyyənləşdirilməsi zamanı regionların fərqli xüsusiyyətləri də nəzərə alınmalıdır. Regionun xüsusiyyətləri, su təminatı, torpağın məhsuldarlığı və məhsula olan bazar tələbatı əsas götürülməlidir”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, subsidiyaların səmərəliliyini artırmaq üçün onların verilməsi proseduru da sadələşdirilməli, şəffaflıq təmin olunmalı və korrupsiya riskləri minimuma endirilməlidir.

“Ən vacibi isə subsidiyanın alınması proseduru sadə, şəffaf və korrupsiya risklərini minimuma endirən formada qurulmalıdır. Belə olduqda subsidiya fermerə sadəcə maliyyə yardımı deyil, istehsalı və gəliri artırmaq üçün real stimul verər”, – deyə Akif Nəsirli vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*