Deyəsən, dünya gücləri də Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəyir. Buna isbat kimi Nikol Paşinyanın Arayik Arutyunyanı istefaya göndərmək üzərində çalışdığını demək olar.
Digər tərəfdən, oktyabrın 10-da ABŞ dövlət katibi Blinkenin Prezident İlham Əliyevə zəng vurması və telefon danışığındakı nüanslar da diqqət çəkib. Prezidentliyinin ilk aylarında ermənipərəst siyasət aparan Bayden və admnistrasiyası artıq erməniləri Qarabağ xalqı adlandırmırlar. Rezident ifadəsilə kifayətləniblər. Bu və digər siyasi mövzularla bağlı KONKRET.az-a eksklüziv açıqlama verən politoloq Fikrət Sadıxov cavabına belə başlayıb:
“İdman dili ilə desək, Arayik Arutyunyan ofsayda düşüb. Çünki Praqa sammitindən sonra onun rolu sıfıra enib və hətta Xankəndidəki ermənilər də ona qarşı üsyan qaldırır. Digər reallıq da odur ki, ora yeni bir “personaj” yürüdülüb. Adı Ruben Vardanyandır. Rusiyalı milyarderdir və federasiyanın vətəndaşlığından imtina edib. Görünür, Arayiki Ruben əvəz etməlidir. Onun gələcək missiyası hələ bəlli deyil. Amma hər halda onun maliyyə imkanları çoxdur və Rubeni dəstəkləyən Moskvanın nəsə planı var. Plan artıq cızılıb və hazırlanan ssenari artıq işə düşüb”.
Professor Fikrət Sadıxov Qarabağ xalqı, rezident ifadələrinə də toxunub:
“Qarabağ xalqı heç vaxt olmayıb. Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət idi, ondan əvvəl Qarabağ xanlığı olub. İndi isə orada müəyyən sayda qayıdan ermənilər yaşayır. Və Azərbaycanın Qarabağ ərazisində onları heç vaxt heç kim xalq adlandırmayıb”.
Yəni Qarabağ İqtisadi Rayonunun sakinləri Azərbaycan vətəndaşları sayılır. Ermənilər də orada yaşamaq istəyirlərsə, bundan başqa seçimləri yoxdur:
“Burada nə rezident ifadəsi işlədilməlidir və eyni zamanda, həmin ermənilərlə yanaşı o torpaqlara qayıdan azərbaycanlılar yaşayacaq”.
Fikrət Sadıxov açıqlamasını belə tamamlayıb ki, qeyd olunan reallıqları gec-tez aparıcı dövlətlərin başçıları da başa düşəcək.
Anar Rəhimov,
KONKRET.az