“Fiqaro”: “Özbək milyarderi “rus oliqarxı” adlandırmaq ədalətsizlikdir”backend

“Fiqaro”: “Özbək milyarderi “rus oliqarxı” adlandırmaq ədalətsizlikdir”

Rusiyalı milyarder, özbəkəsilli Əlişir Usmanov da Qərbin sanksiyalar siyahısındadır. Hazırda Daşkəddə yaşayan milyarder Avropa İttifaqının ona tətbiq edilən qərarından narazıdır və bunu ədalətsiz hesab edir. 2022-ci il fevralın 24-dən adı sanksiyalar siyahısına daxil edilən Əlişir Usmanov “Putinlə əlaqələri”nə görə Qərbdə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

KONKRET.az Fransanın “Fiqaro” nəşrinə istinadən xəbər verir ki, özbək milyarder avropalıları məhkəməyə verib. Vəkillər hesab edirlər ki, Usmanov hüquqi baxımdan haqlıdır. Aİ-də də Usmanova qarşı çıxarılan qərarın ədalətsiz olduğunun fərqindədirlər, amma milyarder Rusiya vətəndaşı olduğundan geri addım atmaq fikirləri yoxdur.

“Fiqaro” yazır ki, əslində Usmanovu “rus oliqarxı” adlandırmaq ədalətsizlikdir. Çünki onun ötən il Özbəkistandakı biznesinin ticarət dövriyyəsi 13,5 milyard avro təşkil edib. Deməli, Usmanovun sanksiyalarla heç bir əlaqəsi yoxdur. Sadəcə o, Rusiya vətəndaşı kimi Avropa ölkələrinə gedə bilmir.

Amma ekspertlər bildirirlər ki, sanksiyalar olmasaydı, Əlişir Usmanov Daşkəndə çətin dönərdi. O, sadəcə Rusiyanı məcburiyyətdən tərk edib. Amma Özbəkistan mətbuatının yazdığına görə, Usmanov Rusiyadan hələ 2006-cı ildə uzaqlaşmağa başlayıb. Milyarder 2006-cı ildən 2017-ci ilə qədər Özbəkistanda öz biznesini qurmağa nail olub və indi onun əsas biznesi Özbəkistanla bağlıdır.

Avqustun sonunda 70 yaşı tamam olan Usmanov Hamburq məhkəməsinə müraciət edib. O, əvvəlcə  “Putinin sevimli oliqarxı” ifadəsinə görə Avstriyanın “Kurier” qəzetini məhkəməyə verib. Məhkəmə Usmanovun xeyrinə qərar çıxarıb. Əlişir Usmanov yenidən məhkəməyə üz tutub. “O, bunu pul üçün deyil, tapdanan hüquqlarına görə edir. Hesab edir ki, “Putinin sevimli oliqarxı”na görə təqib hədəfinə çevrilməsi ədalətsizlikdir”, – “Fiqaro” yazır.

Bununla belə, son iyirmi ildə Rusiyada Usmanovun həqiqətən də Kremllə sıx bağlı iş adamı olmasından danışılır. Hələ Rusiya Krımı işğal etməzdən əvvəl – 2014-cü ildə hökumətə yaxın olan Minçenko “Consulting” şirkətinin iki ildən bir dərc edilən məşhur hesabatında SSRİ dövründə Sov.İKP MK Siyasi Bürosunu xatırladan qərar qəbul edənlər qrupunda Əlişir Usmanovun da olduğunu bildirirdi. Lakin Usmanovun komandası təkidlə deyir ki, Usmanov heç vaxt siyasətə qarışmayan biznesmendir. O, hər şeyə özü nail olub. Usmanov “Kommersant” qəzetinin də sahibidir. Amma həmin adamlar nədənsə  Usmanovun 2000-2014-cü illərdə “Qazprom” İnvestisiya Holdinqə rəhbərlik etdiyini deməkdən çəkinirlər. Bu təşkilat “Qazprom”un törəmə şirkətidir.

Usmanovun ətrafı onun uğurlarını sadəcə istedadı ilə əlaqələndirir. O, ilk milyonlarını SSRİ vaxtı qazanıb. Plastik torbalar istehsalından tutmuş, metallurgiya sənayesinə qədər baş vuran Usmanovu sonra qabaqcıl informasiya texnologiyaları cəlb edib. 2009-cu ildə o, hətta Amerika sosial şəbəkələrinə 200 milyon dollar sərmayə qoyub. Mark Zukerberqin sosial şəbəkəsinin 8%-ə yaxın səhmlərinə nəzarət edib. 2013-cü ildə o, səhmlərini 528 milyon dollara satıb.

Usmanov digər Qərb kommersiya şəbəkələrinə də sərmayə qoyub. Məhz informasiya texnologiyaları və telekommunikasiya sahəsinə milyardlar yatıran Usmanov Kremlə daha çox yaxınlaşıb. “Bu şirkətlərin səhmdarı kimi Usmanov, ən azı, ölkə hakimiyyətinə hər bir şəxsin əlaqələrini izləmək üçün nəzərdə tutulan alətləri maliyyələşdirib. Bu, onun Rusiya hakimiyyəti ilə nə qədər sıx bağlı olduğunu göstərir”, – bunu ekspert Pavel Luzin deyib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*