ABŞ-də keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra Fransa lideri Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarına müraciət edib.
KONKRET.az xəbər verir ki, o, Almaniya kansleri Olaf Şolzla da telefon danışığı apararaq dünya səhnəsində mövcud vəziyyəti dəyərləndirib.
Fransa lideri vurğulayıb ki, Paris və Berlin daha suveren Avropa yaratmaq üçün çalışacaqlar. Eyni zamanda, onlar Vaşinqtonla əməkdaşlığı davam etdirmək və öz dəyərlərini müdafiə etmək niyyətindədirlər. Fransa prezidenti də Trampı qələbə münasibətilə təbrik edib və birgə işləməyə hazır olduğunu bildirib. Makron Aİ-də parçalanmanın qarşısını almağa çağırıb. Dövlət başçısı tərəfdaşları ABŞ-də keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı hərəkətlərin əlaqələndirilməsi ilə bağlı razılığa gəlməyə səsləyib.
O bildirib ki, Aİ üzvlərinə Trampın qələbəsindən sonra “hər kəs özü üçün” prinsipinə meyl etməyə icazə verilə bilməz:
“Bizə ABŞ-la əlaqələndirilmiş Avropa strategiyası lazımdır”.
Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Trampa təbrikində xatırladıb ki, Aİ və ABŞ sadəcə müttəfiq deyil. Macarıstanın baş naziri Viktor Orban isə Amerika seçkilərinin nəticələrini “bütün dünya üçün çox lazım olan qələbə” adlandırıb.
“The Financial Times” qəzetinə müsahibə verən Avropa İttifaqı rəsmiləri və diplomatları bildiriblər ki, ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi qalib gəldikdən sonra Ukrayna böyük problemlə üzləşə bilər. FT-nin həmsöhbətlərindən biri qeyd edib ki, Avropa İttifaqında bir çoxları Trampın alacağı qərarlardan narahatdır.
Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano Bayden Administrasiyasını səlahiyyət müddəti başa çatana qədər Ukraynaya daha çox dəstək verməyə çağırıb. O bildirib ki, hamı öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.
Məlik,
KONKRET.az