General Fransua Furnye-Sarlovez Napoleonun xidmətində olmuş ən cəsur, eyni zamanda ən idarəolunmaz və gözlənilməz yüksək rütbəli zabitlərdən biri idi. O, intizamı sanki özünə qarşı yönəlmiş bir cəza hesab edirdi. Qaydaları və əmrləri bəyənmədikdə, onları açıq şəkildə saymır, lazım bilmədiyi göstərişlərə məhəl qoymurdu.
General silahdan məharətlə istifadə edir və duellərin qorxulu rəqibi kimi tanınırdı. Bəlkə də onun çoxsaylı duellərdən aldığı zövqün səbəblərindən biri imperatorun bu cür qanun pozuntularına qarşı son dərəcə sərt mövqedə dayanması idi. Napoleonun qadağalarına baxmayaraq, Furnye öz təhlükəli vərdişindən əl çəkmirdi.
Gəncliyində Fransua macəra axtarışına çıxaraq kralın “Konstitusiya qvardiyası”na yazılmışdı. Həmin dövrdə kralçı alayda xidmət etmək təhlükəli idi. Furnye təhlükələrdən qorxmasa da, tezliklə inanmadığı bir ideya uğrunda həyatını riskə atmaq istəmədiyini anladı.
Bundan sonra o, doqquzuncu draqun alayına podporuçik rütbəsində daxil oldu və general Ann-Pyer Monteskyü-Fezansakın komandanlığı altında xidmət etməyə başladı.
Sonrakı 25 il ərzində Furnye döyüş meydanlarında özünü dəfələrlə sübut etdi. Şatilyon, Montebello, Marenqo, Qaeta, Ey lau, Fridland, Korunya, Fuentes-de-Onyoro, Smolensk və Leypsiq döyüşlərində, eləcə də bir çox başqa hərbi əməliyyatlarda fərqləndi.
- 1809-cu ilin mayında, İspaniyada Furnye marşal Sultun komandanlığı altında fəaliyyət göstərən İkinci korpusun tərkibində xidmət edirdi. Ona üç piyada batalyonu, iki husar eskadronu və dörd top verilmiş, Luqo şəhərciyinin müdafiəsi tapşırılmışdı.
İspan generalı Nikolas Maxininin 15 min nəfərlik ordusu şəhərə doğru irəliləyirdi. İspanlar Luqoya dəfələrlə hücum etdilər. Onların komandanı Furnyeyə bir neçə dəfə təslim olmağı təklif etsə də, fransız generalı hər dəfə bundan imtina etdi.
- Düşmən qüvvələrinin sayca təxminən onqat üstünlüyünə baxmayaraq, Furnye dörd gün ərzində müdafiəni davam etdirdi. Nəhayət, Sultun ordusunun yaxınlaşdığı barədə xəbərlər ispanlara çatdıqda, Maxi ordusunu Luqodan geri çəkməyə məcbur oldu.
Furnyenin hərbi istedadı və şəxsi cəsarəti şübhə doğurmurdu. Lakin onun xarakteri, itaətsizliyi və qalmaqallı davranışları Fransa imperatorunun səbrini tükəndirirdi.
Generalın yaxın dostları arasında Napoleona müxalif mövqeyi ilə tanınan şəxslər də var idi. Onların sırasında general Moreau, Antuan Delma və Qabriel Donnadye kimi hərbçilər vardı.
Sarladan olan bu gənc döyüşçü qalmaqallı əhvalatlarda o qədər tez-tez hallanırdı ki, Napoleon nəhayət onu ordudan uzaqlaşdırmağa məcbur oldu.
- Lakin 1809-cu ildə baş vermiş Vaqram döyüşündən sonra Fransa ordusunun yüksək rütbəli zabitləri arasında ciddi itkilər yaranmışdı. D’Espan, Lann, Lassal, Bonne, Bude, Şabane, Loşe, Deze, Servoni, Kampanya və de Billi kimi komandirlər artıq sıralarda deyildilər. De Büssi, Lefevr-Denüett, Ekselman və Lejen isə İngiltərədə əsir saxlanılırdılar.
Napoleonun qarşısında mühüm problem dayanırdı: ordunun yüksək komandanlıq heyətində yaranmış boşluğu doldurmaq lazım idi.
İmperator çıxış yolunu əvvəllər özü uzaqlaşdırdığı generalı yenidən xidmətə çağırmaqda gördü.
Beləliklə, intizamsızlığı və duellərə olan həvəsi ilə ad çıxarmış, lakin döyüş meydanında cəsarəti və məharəti ilə seçilən Fransua Furnye-Sarlovez yenidən Napoleon ordusuna qayıtdı.
- O, imperatorun həm etibar edə bilmədiyi, həm də ehtiyac duyduğu generallardan biri idi.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
