Gəncə Şəhər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada, xuliqanlıqda, oğurluqda və qanunsuz narkotik saxlamada təqsirləndirilən Elgün İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 2 ay 23 gün müddətə azadlıqdan məhrum edilib.
Qeyd: Elgün İsmayılov ayrı-ayrı şəxslərə məxsus beş velosipedi və mobil telefonu gizli talamaqda, satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqda, eləcə də xüsusi amansızlıq və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmaqda ittiham olunur.
Ona qarşı irəli sürülən digər ittiham satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ilə bağlıdır.
İttiham materiallarına əsasən, Elgün İsmayılov istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 1,457 qram olan kustar üsulla hazırlanmış metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edib, üzərində daşıyaraq saxlayıb. 2023-cü il tarixdə saat 21:25-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abbas Səhhət adına Birləşmiş Xəstəxananın yaxınlığında, yol kənarında saxlanılıb. O, daha sonra Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən polis şöbəsinə gətirilib. Şöbədə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə 1,457 qram metamfetamin aşkar edilərək götürülüb.
Bundan başqa, Elgün İsmayılova qarşı irəli sürülən digər ittiham 2025-ci il tarixdə saat 18 radələrində baş verib. Həmin vaxt Gəncə şəhəri ərazisində təqsirləndirilən şəxs ətrafdakı şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib. O, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə təyinatı dəqiq müəyyən edilməyən küt əşyanı silah qismində tətbiq edərək qonşusu olan zərərçəkmiş şəxs1-in sifət nahiyəsinə dəfələrlə qəsdən zərbələr vurub. Nəticədə zərərçəkmiş şəxsin sağ almacıq və burun sümüklərində sınıqlar, sağ qaş nahiyəsində əzilmiş yara, sol qulaq seyvanında isə hematoma yaranıb.
İstintaq hesab edir ki, Elgün İsmayılov zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə xuliqanlıq edib və bu əməli xüsusi amansızlıqla törədib.
