“General əvvəl 3, sonra isə 2 milyon istədi, vermədiyimə görə…” – ŞOK İFADƏbackend

"General əvvəl 3, sonra isə 2 milyon istədi, vermədiyimə görə..." - ŞOK İFADƏ

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, və istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Əliyev və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun 32 iş adamından hədə-qorxu yolu ilə pul tələb etmələri məlum olub.

KONKRET.az teleqraf.com-a istinadən xəbər verir ki, bu vəzifəli şəxslərin iş adamlarına qarşı cinayət törətmələri ilə bağlı istintaqın nəzarətə götürülməsi üçün Prezident İlham Əliyevin göstərişi olub.

Baş prokuror Kamran Əliyevin bu işi nəzarətə götürməsi nəticəsində cinayət işinin istintaq peşəkar müstəntiqlər tərəfindən obyektiv araşdırılıb.

Bundan sonra təqsirləndirilən şəxslər – Mövlam Şıxəliyev, Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov məsuliyyətə cəlb olunublar.

Mütəşəkkil dəstə üzvlərinin hədə-qorxu gəldikləri zərərçəkmişlərdən biri də iş adamı Nizam Kazımovdur. Onlar 2008-2009-cu illərdə iş adamı Nizami Kazımovdan hədə-qorxu yolu ilə 2 milyon manat alıblar.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mövlam Şıxəliyev bildirib ki, Nizami Kazımovu xidməti otağında qəbul etməsini xatırlamır.

Zərərçəkmiş qismində ifadə verən Nizami Kazımovun sözlərinə görə, 1992-ci ildə Naxçıvandan Bakı şəhərinə köçüb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub: “Rusiya və Ukraynadan tikinti materialları, ərzaq məhsulları gətirərək onların topdan satışı ilə məşğul olmuşam. Daha sonra quru meyvə yağlarının istehsalına başlamışam. “BİOİL” MMC-ni təsis etmişəm”.

Nizami Kazımovun ifadəsinə görə, 1 oktyabr 2008-ci ildə istifadəsində olan nömrəyə zəng gəlib və həmin gün saat 15:00-da Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb: “Həmin gün saat 15:00-da nazirliyin nəzarət buraxılış məntəqəsinə yaxınlaşdım, bura çağırıldığımı bildirdim. Məni nazirliyin 6-cı mərtəbəsinə, əvvəllər tanımadığım 2-ci şöbənin rəisi Vüsal Ələkbərovun xidməti otağına apardılar. Vüsal Ələkbərov mənimlə çox aqressiv və kobud danışdı. Daha sonra məndən ifadə aldı. Dindirmə zamanı kürəkənim Samir Əbdülqasımovun adına “Texnikabank”da əmanət qoyduğum 1 120 000 ABŞ dolları vəsaiti barədə soruşdu. Mən isə həmin pulu kürəkənimin xərcləməsi üçün qoyduğumu dedim. Buna baxmayaraq Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girib, kürəkənimin adına qoyduğum pulu mənimsədiyimə görə tutuldum. Istintaq təcridxanasında barəmdə hər hansı bir şikayət olmadığı halda Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham elan edildi, məhkəmə qərarı ilə 3 ay müddətinə həbs edildim. Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov məni azı 20 dəfə qəbul etdi. Barəmdə olan cinayət işinə xitam verilməsi üçün 3 milyon ABŞ dolları tələb etdi. Mən hər dəfə bu məbləğdə pulu verməyə imkanım olmadını dedim. Vüsal Ələkbərov rəhbərliyin göstərişinin belə olduğunu, pulu verməli olduğumu dedi, əks halda barəmdə 8 ildən 12 ilədək “iş” kəsiləcəyi ilə hədələdi. Vüsal konkret olaraq pulun hansı “rəhbərliyin” tələb etdiyini demədi”.

İş adamının sözlərinə görə, həbs ediləndən 15-20 gün sonra İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev onu öz xidməti otağına çağırıb və müdafiəçi olmadan ondan Vüsal Ələkbərov tərəfindən deyilən məbləği tələb edib: “Lakin həmin məbləğdə pulu ödəməyə imkanım olmadığını dedim. Mövlam Şıxəliyev də mənim cinayət məsuliyyətinə cəlb edilib və 8 ildən 12 ilədək müddətə cəza alacağımla hədələdi. Tələb olunan pulu ödəməyə qəti imkanım olmayacağını bildirdiyim üçün Vüsal məndən 2 milyon dollar tələb etdi. Mən isə həmin pulu da ödəyə bilməyəcəyimi dedim. Həbs edildikdən 45 gün sonra Mövlam məni ikinci dəfə xidməti otağında qəbul etdi, Vüsalın tələb etdiyi 2 milyon dollar tələb etdi. Yenə də pulu verə bilməyəcəyimi söylədim. Bu zaman Vüsal mənə hədə-qorxu gəldi, başıma torba geyindirərək “maskalıların” yanına apartdıracağı ilə hədələdi. Maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyüləcəyimi başa düşsəm də, yenə də dözərək pulu ödəməyə razılaşmadım”.

Nizami Kazımov qeyd edib ki, 2008-ci ilin noyabrın sonlarında artıq səhhətində ciddi problemlər yaranıb, şəkərli diabet xəstəliyinə tutulub: “Səhhətimdə yaranan problemlərlə bağlı özümü yaxşı hiss etmədim. Həm də Vüsal Ələkbərovun təhdidlərinə dözə bilmədim. Bunun üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərovun tələb etdikləri 2 milyon dolları verməyə razılaşdım. Amma pulu dərhal ödəyə bilməyəcəyimi dedim. Pulun bir hissəsini ödəyərək azadlığa buraxılmağımı, qalan pulu isə müəyyən vaxt ərzində toplayaraq verməyi xahiş etdim. Bundan sonra Vüsal Ələkbərov “rəisə deyim, razılıq versə, sənə deyərəm” dedi. Mən də vüsalın “rəis” dedikdə Mövlam Şıxəliyevi nəzərdə tutduğunu başa düşdüm”.

Zərərçəkmişin ifadəsinə görə, növbəti gün Vüsal Ələkbərov onu xidməti otağına gətirib: “Vüsal “rəisin” razılıq verdiyini, 1 milyon dollar gətirəndən sonra barəmdə həbsin ev dustaqlığı ilə əvəz ediləcəyini, qalan 1 milyon dolları isə 4-5 ay müddətində ödədikdən sonra barəmdə cinayət işinə xitam veriləcəyini bildirdi. Vüsalla razılaşdıqdan sonra Tahir Əbdülqasımova məktub yazaraq qohum-əqrəbadan 1 milyon dollar yığaraq mənə çatdırmağı xahiş etdim.

Bundan sonra kürəkənim Samir mənim 180 000 dollarına aldığım “Mercedes Benz S class 500” markalı, 115 000 ABŞ dollarına aldığım “BMW” markalı və təxminən eyni qiymətə aldığım “Lexus 470” markalı avtomaşınları bazar qiymətindən çox aşağı qiymətə sataraq 250 000 ABŞ dolları düzəltdi, qudam Tahir də pulun qalan hissəsini əlavə edərək, ümumilikdə 1.000.000 ABŞ dolları topladılar”.

Zərərçəkmiş qeyd edib ki, 2008-ci il dekabrın 3-də, saat 12 radələrində kürəkəni Samir, qudası Tahir, sürücüsü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürərək MTN-in binasının yanına gəliblər: “Pulu Samir Vüsala verdi. Vüsal həmin gün saat 12 radələrində məni yanına çağıraraq Samirdən 1 milyon dollar aldığını, məni həmin gün buraxacağını, məhkəmədən ev dustaqlığı qərarı ala biləcəyini dedi. Həmin gün saat 18 radələrində nazirliyin istintaq təcridxanasından buraxıldım. Vüsal mənə dekabrın 4-də, saat 12.00-da nazirliyin binasında olmağımı tapşırdı. Vüsalın dediyi saatda MTN-ə gəldim. Vüsal barəmdə başqa yerə getməmək barədə iltizama imza etdirdi. Mənə qalan 1 milyon dolları da 4-5 ay ərzində taparaq verməyimi şərt qoydu”.

Nizami Kazımovun sözlərinə görə, 2009-cu ilin fevralında Vüsal Ələkbərov ona zəng edib və axşam saatlarında “Qələbə dairəsi” deyilən yerdə görüşərək dost-tanışlarından borc aldığı 280 min dolları ona verib: “Aprel ayında qeyd etdiyim ərazidə Vüsal Ələkbərovla təklikdə görüşdüm, ona 300 min dollar, may ayının sonlarında MTN-in binasının yaxınlığında 700 min dollar verdim. Tələb olunan 1 milyon dolları ona ödədim. Hətta sonuncu dəfə pul verəndə Vüsal Ələkbərov məni öz xidməti otağına dəvət etdi, çay içib, söhbət etdik. Aramızda yaranmış narazılığa görə mənim könlümü almaq istədi. Bütün pulu ödədikdən sonra Vüsal zəng edərək barəmdə olan cinayət təqibinə xitam verildiyini bildirdi, ertəsi gün qərarı götürməyə çağırdı. Mən də qeyd olunan qərarın sürətini götürdüm”.

Nizami Kazımov qeyd edib ki, Vüsal Ələkbərova ödədiyi pullara görə qohum və dostlarına borcu yaranıb: “Həmin borcu ödəyə bilməmişəm. Bu səbəbdən bankdan 300 min manat kredit götürmüşəm”.

Nizami Kazımov əlavə dindirmə zamanı bildirib ki, Mövlam Şıxəliyevi əvvəllər tanımayıb: “İlk dəfə Mövlam Şıxəliyevi MTN-də öz otağına məni gətizdirərək barəmdə cinayət təqibinə xitam verilməsi üçün əvvəl 3 milyon, daha sonra isə 2 milyon dollar istədikdə görmüşəm”.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, və istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Əliyev və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*