Məlum olduğu kimi, Georgi Vitsin, ümumiyyətlə, spirtli içki içmirdi. Nə bayramlarda, nə də dost məclislərində. Çəkiliş meydançasında da ona spirtli içki əvəzinə həmişə çay, su və ya şirə verirdilər.
“Qafqaz əsiri” filminin çəkilişləri zamanı çəlləyin yanındakı səhnəni lentə almağa başlayanda Vitsin dərhal rejissor Leonid Qaydaya xəbərdarlıq etdi:
— Lyonya, mən pivə içməyəcəyəm. Mənə itburnu dəmləməsi gətirin.
Rejissor razılaşdı. Aktyora tünd itburnu dəmləməsi süzdülər. Ümumi planda hər şey yaxşı görünürdü. Lakin kamera yaxın plana keçəndə Qayday əllərini başına vurdu:
— Qoşa, inanmıram! Özün bax, bəs köpük hanı? Əsl pivə köpüklənir, sənin bakalındakı isə sadəcə qəhvəyi sudur. Tamaşaçı dərhal saxta olduğunu başa düşəcək!
Rekvizitçilər kadrı xilas etmək üçün çarə axtarmağa başladılar. Kimsə itburnu dəmləməsinin üzərinə ağ pambıq parçası qoymağı, beləliklə, pivə köpüyünü təqlid etməyi təklif etdi. Sınadılar, amma kamera qarşısında bu, dəhşətli dərəcədə süni görünürdü.
Vaxt gedirdi, günəş batırdı, çəkilişlər isə alınmırdı. Nəhayət, iri cüssəli Yevgeni Morqunov dözmədi. Vitsinin yanına gəldi, əlindən itburnu dəmləməsi ilə dolu bakalı aldı, yerə çırpdı və bütün çəkiliş meydançasını titrədən səslə qışqırdı:
— Vitsin! Sənin yoqana görə burada gecəyədək qalacağıq?! Əsl pivə iç, ölməyəcəksən ki! Bütün Sovet İttifaqı sənin yerində olmaq istəyir, bu isə naz edir!
Leonid Qayday da yalvarış dolu baxışlarla aktyora baxdı. Vitsin dərindən ah çəkdi, başqa çıxış yolunun olmadığını anlayıb sakitcə dedi:
— Yaxşı, gətirin.
Ona ağ, sıx köpüklə dolu bir bakal soyuq, təzə pivə süzdülər. Kamera işə düşdü. Vitsin öz prinsiplərindən güzəştə gedərək, peşəkarcasına və zahiri məmnunluqla bütün bakalı birnəfəsə axıra qədər içdi.
Qayday qışqırdı:
— Stop! Çəkildi! Əla alındı!
Amma ən gülməli hadisə bundan bir dəqiqə sonra baş verdi. Qayday operatora baxanda dəhşətlə anladı ki, məhz həmin anda kameranın plyonkası qurtarıb!
Səhnəni yenidən çəkmək lazım idi. Beləliklə, yazıq, ayıq həyat tərzi sürən Vitsin istəməyə-istəməyə daha bir dolu bakal pivə içməli oldu.
Deyilənə görə, bundan sonra o, bütün axşam sevimli pozasında oturaraq məcburən qəbul etdiyi alkoqoldan “orqanizmini təmizləməklə” məşğul olub.
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az
