Bir nəfəri öldürməkdə, üç nəfəri isə bıçaqla yaralamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvəllüdlü Gündüz Aslanovun cinayət işi üzrə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Gündüz Çingiz oğlu Aslanov əvvəiçə qətl törətməyə görə axtarışda olub.
Belə ki, Gündüz Aslanov 2015-ci ildə Rusiya Federasiyasında 1992-ci il təvəllüdlü Mübariz Nadir oğlu Səlimovu aralarında yaranan münaqişə zəminində öldürüb.
2016-cı il tarixdə Gündüz Aslanov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və axtarışa verilib.
Bundan sonra Bakıya gələn Gündüz Aslanov bir müddət burada yaşadıqdan sonra cinayət törədib.
O, 2016-cı ilin dekabrında paytaxtın Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində Bakı şəhər sakinləri – 1997-ci il təvəllüdlü Fərid Quliyev və onun həmyaşıdı olan dostu, Füzuli rayon sakini Vüqar Zeynalzadə bıçaqlayıb.
Sabunçu rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyayat-axtarış tədbirləri nəticəsində Gündüz saxlanılıb.
Bakıda törətdiyi əmələ görə ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə, Rusiyadakı əməli isə Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək ona ittiham irəli sürülüb.
