“Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiqlənən “Əlilliyin müəyyən olunması meyarları”na uyğun diaqnoz və ağırlaşmalara əsasən əlillik müddətli və müddətsiz (ömürlük) təyin edilir.”
Bu fikirləri KONKRET.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin ictimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib:
“Xüsusi tibbi göstəriş olduğu hallarda, bəzi geridönməz vəziyyətlərdə, məsələn, ətrafların amputasiyası zamanı əlillik müddətsiz təyin edilir. Reabilitasiya potensialı olmayan əsas diaqnoz və ağırlaşmalar zamanı əlillik təyinatı ömürlük aparılır. Həmçinin nəzərinizə çatdırırıq ki, müvafiq qanunvericiliyə uyğun olaraq müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.“
Tural Qurbanov qeyd edib ki, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən olunur.
Aynurə İsmayıl
KONKRET.az