Rəngarəng və cəlbedici oyuncaqlar uşaqların diqqətini asanlıqla çəkir. Lakin mütəxəssislər valideynləri seçim zamanı məhsulun keyfiyyəti və təhlükəsizliyinə diqqət yetirməyə çağırırlar.
Pediatr Bahar Cəbrayılovanın sözlərinə görə, bəzi keyfiyyətsiz plastik oyuncaqlarda ftalatlar, qurğuşun və digər ağır metallar ola bilər.
O, mənşəyi məlum olmayan, kəskin kimyəvi qoxulu, rəngi əllərə çıxan və tez qırılan oyuncaqlardan uzaq durmağı tövsiyə edir.
Həkim bildirib ki, uşaq oyuncaqla təmasdan sonra davamlı qusma, qarın ağrısı, güclü halsızlıq və davranışında kəskin dəyişikliklər göstərərsə, dərhal həkimə müraciət edilməlidir.
KONKRET.az Respublika Sanitariya-Karantin Mərkəzindən Baku TV-yə bildirilib ki, oyuncaqların kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri laboratoriyada yoxlanılır. Hazırda plastik oyuncaqlarla bağlı aparılan müayinələrdə təhlükəsizlik göstəriciləri baxımından uyğunsuzluq aşkarlanmayıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə qeyd edilib ki, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik tələbləri müəyyən edilən mallar, o cümlədən oyuncaqlar məcburi sertifikasiyadan keçməlidir.
Uyğunluq sertifikatı olmayan məhsulların Azərbaycanda satılması və istifadəsi qadağandır.
Agentlikdən əlavə edilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, ölkədə sahibkarlıq subyektlərində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılıb.
Bu müddətdə yalnız insanların həyatı və sağlamlığına, dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara ciddi təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama aparıla bilər.
