Asharq al-Avsat nəşri HƏMAS daxilindəki mənbələrə istinadən, təşkilatın 1987-ci ildəki təsisindən bəri ən dərin və ağır böhranla üzləşdiyini yazır.
KONKRET.az xəbər verir ki, Məlumata görə, böhran əsasən iqtisadi xarakter daşıyır və Qəzza zolağında dövlət qulluqçularına, hərbi qanad üzvlərinə, habelə təşkilatın müxtəlif strukturunda çalışan digər şəxslərə maaşların ödənilməsində ciddi çətinliklər yaranıb.
Mənbələr bildirirlər ki, HƏMAS-ın çoxsaylı üzvləri artıq 3 aydan çoxdur əməkhaqqı ala bilmirlər. Bu maliyyə çətinliyi yalnız Qəzza ilə məhdudlaşmır, böhran eyni zamanda İordan çayının qərb sahilində və Livanda da hiss olunur.
Nüfuz azalır, narazılıq artır
Təşkilat daxilindən sızan məlumatlara görə, bu iqtisadi çöküş HƏMAS-ın təhlükəsizlik və idarəetmə imkanlarına da təsir göstərir. İctimai narazılıq artır, təşkilatın bölgələrdəki nüfuzu isə hiss olunacaq dərəcədə zəifləyir. Xüsusilə hərbi qanadın fəaliyyətində müşahidə olunan geriləmələr, təşkilatın əsas dayaqlarını sarsıtmağa başlayıb.
“HƏMAS müharibədən sonra toparlana bilər”
Bununla belə, mənbələr qeyd edirlər ki, müharibə başa çatdıqdan sonra HƏMAS-ın toparlanmaq imkanları hələ də mövcuddur. Təşkilatın müəyyən maliyyə və strateji resurslara malik olduğu, böhrandan çıxmaq üçün uzunmüddətli planlar üzərində işlədiyi bildirilir.
HƏMAS-ın yaxın gələcəkdə bu böhrandan necə çıxacağı isə, həm regionda baş verən hadisələrdən, həm də beynəlxalq ictimaiyyətin atacağı addımlardan asılı olacaq.
Natiq Səlim,
KONKRET.az