Hindistan hökuməti Baş nazir Narendra Modinin Facebook paylaşımının qısa müddətə bloklanması ilə bağlı Meta şirkətinin yüksək vəzifəli rəhbərlərini izahat vermək üçün ölkəyə çağırıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, hökumət şirkətdən hadisənin səbəblərini, həmçinin Meta-nın məzmun siyasəti və texniki problemləri ilə bağlı məsələləri izah etməyi tələb edib. Tərəflər arasında görüşün yaxın 7–10 gün ərzində keçirilməsi gözlənilir.
Bununla yanaşı, Hindistan polisi Meta-nın ölkə üzrə rəhbəri və Facebook ilə Instagram-da fəaliyyət göstərən bir sıra hesabların administratorları barəsində Baş nazir Narendra Modiyə qarşı saxta məzmun yayılması ittihamı ilə iki cinayət işi başladıb.
Qeyd edək ki, iyulun 28-də Narendra Modinin imtahan suallarının sızmasının qarşısının alınmasına həsr olunmuş videoçarxı qısa müddətə Facebook-dan silinmişdi. Meta daha sonra bunun texniki xəta nəticəsində baş verdiyini bildirərək paylaşımı bərpa edib və insidentə görə təəssüfünü ifadə edib.
Günay Əli
KONKRET.az
