İsrail Livanda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirir. Artıq İsrail ordusunun Bofor qalasını ələ keçirdiyi bildirilir. Analitiklərin fikrincə, əməliyyatların məqsədi təkcə “Hizbullah”ı zərərsizləşdirmək deyil, həm də Livan ərazilərini işğal etməkdir.
Fransa İsrailin Livandakı əməliyyatları genişləndirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Paris Livanın bombalanmasına görə Təl-Əvivi tənqid edib, yaranan gərgin vəziyyətin “Hizbullah”a zərər verməkdən çox, qruplaşmanın işinə yaradığı vurğulanıb.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İsrailin Livanda keçirdiyi əməliyyatların “Hizbullah”a qarşı yönəldiyi rəsmi olaraq bəyan edilib:
“Fikrimcə, əməliyyatların məqsədi sadəcə “Hizbullah”a qarşı mübarizə deyil. İsrailin hazırkı ultramilliyyətçi sağçı hökumətinin ölkə ərazilərini genişləndirmək hədəfi var. Əməliyyatlar çərçivəsində təkcə “Hizbullah” üzvləri deyil, dinc livanlılar da həyatını itirir. Bu, danılmaz faktdır.
İsrail Livanın müəyyən ərazilərini işğal edərək həm təhlükəsizliyini təmin etmək, həm də ərazilərini genişləndirmək istəyir. Lakin birmənalı şəkildə haqsız da deyil. “Hizbullah” həqiqətən də İsrail üçün təhdiddir. Qruplaşma vaxtaşırı həyata keçirdiyi hücumlarla Təl-Əvivi davamlı təhdid altında saxlayır.
İsrail hazırda “Hizbullah”ı sıradan çıxarmağa çalışsa da, gələcək perspektivdə Livan ərazilərinin bir qismini işğal və ilhaq etmək istəyə bilər”.
