İcbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşlara “pulsuz xidmət” vədi verilsə də, xəstəxanalarda vəziyyətin dəyişmədiyini deyənlərin sayı artır. Xəstələr iddia edirlər ki, sığorta əməliyyatı qarşılasa belə, həkimlər müxtəlif bəhanələrlə əlavə pul tələb edir, əks halda isə münasibətin dəyişdiyini bildirirlər. İnsanların sağlamlığı üzərindən formalaşan bu qeyri-rəsmi ödəniş sistemi cəmiyyətdə ciddi narazılıq yaradıb.
Görəsən, səhiyyədə kök salmış rüşvət mexanizmini aradan qaldırmaq üçün hansı real addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasətçi Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycanda rüşvət problemi sistemli xarakter daşıyır:

“Azərbaycanda rüşvət bir çox sahələri əhatə edir. Ona görə də hansısa sahədə rüşvətə qarşı mübarizə effektli olmur. Sadəcə olaraq, rüşvətin qarşısını almaq üçün bu əməllə bağlı cəzalar sərtləşdirilməlidir. Rüşvət verənlərin də məsuliyyəti qanunda konkret şəkildə müəyyən edilməlidir”.
Sərdar Cəlaloğlunun sözlərinə görə, dövlət səhiyyə sistemində elə mexanizmlər qurmalıdır ki, vətəndaşlarla həkimlər arasında birbaşa maliyyə münasibəti yaranmasın:
“Elə sistem yaradılmalıdır ki, həkimin xəstədən əlavə pul tələb etmək və ya onu imtina ilə hədələmək imkanı olmasın. Hippokrat andı içən hər bir həkim xəstəyə yardım etməyə borcludur. Hətta İkinci Dünya Müharibəsində düşmən əsgərlərinə belə tibbi yardım göstərilirdi. Bu baxımdan pulun həkimliyə aidiyyəti yoxdur. Səhiyyə sahəsində kadr çatışmazlığı və nəzarət mexanizmlərinin zəifliyi də problemin dərinləşməsinə səbəb olur. Hazırda peşəkar həkimlərin azlığı və sistemdəki boşluqlar səbəbindən rüşvət tibbdə önə çıxan əsas məsələlərdən birinə çevrilib”.
Aynurə İsmayıl
KONKRET.az
