İlahiyyatçı 17 yaşlı Zəhranın məzarı ətrafındakı müzakirələrə NÖQTƏ QOYDUbackend

İlahiyyatçı 17 yaşlı Zəhranın məzarı ətrafındakı müzakirələrə NÖQTƏ QOYDU

Son günlər 17 yaşında avtomobil qəzasında həyatını itirən Zəhra Mehdiyevanın məzarını ziyarət edən bəzi şəxslərin qəbir üstünə müxtəlif əşyalar, cipslər və şirin içkilər qoyması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəs İslam dinində qəbir üzərinə bu cür əşyaların qoyulmasına necə baxılır? Bunun mərhuma hər hansı faydası varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində qəbir üzərinin müxtəlif əşyalarla bəzədilməsi və ya qidaların qoyulması düzgün hesab edilmir.

İlahiyyatçı Tural İrfan: “Ermənilərin dini yoxdur”

Onun sözlərinə görə, qəbir üstünə cips, içki və digər əşyaların qoyulması dini baxımdan mərhuma heç bir fayda vermir:

“İslam dininə görə qəbri bəzəmək, məzar üstünə müxtəlif əşyalar qoymaq, qidalar yerləşdirmək doğru deyil. Bu, bidət və günah sayılır. Ölü üçün yalnız dua edilməlidir. Eyni zamanda xeyirli işlər görüb savabını mərhuma bağışlamaq olar. Təmtəraqlı qəbir daşının, qəbir üstünə qoyulan şeylərin ölü üçün heç bir faydası yoxdur. Belə addımlar daha çox insanların öz təsəllisi üçündür”.

İlahiyyatçı qeyd edib ki, qəbir ziyarəti zamanı İslamın tövsiyə etdiyi əsas davranış dua etmək və mərhumu xatırlamaqdır:

“Qəbrin üzərinə ziyarət zamanı bir qədər su tökmək və yalnız dua etmək İslama uyğundur. Hərə özündən fərqli adət-ənənə qondarsa, yenilik gətirsə, həm dinin tələbləri, həm də milli adətlərimiz pozular. Qəbir və dəfn məsələləri ilə bağlı din xadimləri əhaliyə dini qaydaları daha geniş izah etməlidirlər”.

Tural İrfan vurğulayıb ki, bəzi hallarda faciəli şəkildə vəfat edən şəxslərlə bağlı insanlar emosional davranışlar sərgiləyirlər:

“Bəzən faciəli şəkildə vəfat edənlər olur ki, insanlar öz ürək yanğılarını ifadə etmək üçün müxtəlif addımlar atırlar. Lakin mümkün qədər emosiyalara qapılmamaq, dinin tələblərinə əməl etmək lazımdır. Mərhuma yaxşılıq etmək istəyənlər xeyriyyə işləri görüb savabını onun ruhuna bağışlaya bilərlər”.

İlahiyyatçının fikrincə, mərhumun ruhuna ən böyük töhfə onun üçün edilən dualar, verilən sədəqələr və həyata keçirilən xeyriyyə işləridir. Qəbir üzərinə qoyulan müxtəlif əşyalar isə dini baxımdan savab və ya fayda mənbəyi hesab edilmir

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*