Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın və Qazaxıstanın dövlət başçılarına layihə barədə məlumat verildi.
Qeyd edildi ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulandı ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verildi.