İlya Kusa: “Ermənistan xarici siyasət azadlığının bədəlini çox ağır ödəyəcək”backend

İlya Kusa: “Ermənistan xarici siyasət azadlığının bədəlini çox ağır ödəyəcək”

Rusiya-Ermənistan münasibətləri hələ də normallaşmaqdan uzaqdır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan rəhbərliyinin yüksək vəzifəli şəxslərinin son bəyanatları da sübut edir. Ermənistan yeni tərəfdaşlar axtarır. Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində deyib: “Bu hadisələr bizi təhlükəsizliklə bağlı əlaqələrimizi şaxələndirmək qərarına gətirib çıxardı və biz indi bunu etməyə çalışırıq”.

Paşinyan əlavə edib ki, bu baxımdan Ermənistanda Rusiya hərbi bazalarının mövcudluğunu saxlanılmasında heç bir lüzum görmür. Və bundan əvvəl Rusiyanın Birinci Kanalında yayımlanan “Varis Tuttinin kuklaları” televiziya proqramının Paşinyana həsr edilməsi qalmaqala səbəb oldu.

Onlar bunu “Nikol Paşinyan-bəlaların müjdəçisi” adlandırıblar. Həmin proqramda Ermənistan baş nazirinin hərəkətləri və bəyanatları müzakirə edilib, ona təhqiredici xarakterlər verilib.

Ermənistan Xarici İşlər Nazirliyi proqramda baş nazir Nikol Paşinyanla bağlı səsləndirilən bəyanatlarla əlaqədar Rusiya səfiri Sergey Kopırkinə etiraz notası təqdim edib. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bir qədər dərinə gedib və Rusiyanı tənqid edib: “Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsinə səbəb Rusiyadır. Çünki biz həmişə özümüzü layiqli ritorika çərçivəsində aparmışıq. Bəs Rusiya Xarici İşlər Nazirliyinin təhqiramiz bəyanatları, təbliğatçıların təhqirləri? Məsələ burasındadır ki, kifayət qədər yığcam, məlumatlı və demokratik olan cəmiyyətimizdə hər zaman nəsə etməyə çalışırlar və əks effekt alırlar. Bilmirəm, onlara kim məsləhət verir, amma həm o proqram, həm də onların bəyanatları Ermənistanda əks effekt yaradır. Gələn dəfə belə şeylər etməzdən əvvəl iki dəfə düşünsünlər”.

Paşinyan isə açıq şəkildə deyir ki, Ermənistan yeni tərəfdaşlar axtarır və Rusiya ordusunun ölkəsində mövcudluğunun mənasını görmür. Rusiya Ermənistan rəhbərliyinin davranışına sərt qiymət verir. Bütün bunlar isə yaxşı heç nə vəd etmir. Ermənistanın KTMT-dən çıxması labüddürmü? Tanınmış xarici ekspertlər bu tendensiyalarla bağlı fikirlərini bölüşüblər.

WeltTrends Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksander Rahr hesab edir ki, Rusiya həqiqətən də Qafqaz regionunda öz prioritetlərini yenidən təşkil edib: “Bu qərar şəxsən Putinindir. Mərkəzi Asiyada Çinlə balansa ehtiyacı olduğu kimi, onun bölgədə Türkiyə ilə strateji ortaqlığa çox ehtiyacı var. Putin üçün Ermənistan strateji əhəmiyyətini çoxdan itirib. Ona görə Rusiya Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir. Rusiya Azərbaycanla həm də enerji alyansı ilə də bağlıdır. Türkiyə Rusiya qazının Avropa ilə ticarəti üçün yeganə mərkəzdir. Lakin Ərdoğan Azərbaycanın enerji resurslarını da Cənub Dəhlizi vasitəsilə Qərbə nəql edəcək”, – deyə professor bildirib.

O, hesab edir ki, Ermənistan Rusiyanın Qafqazdakı maraqları üçün bir növ yükə çevrilib:

“Ancaq Moskvanın İrəvanla münasibətlərdə qırılma olmayacaq. Çətin ki, Ermənistan ABŞ və Avropa İttifaqı ilə müttəfiqliyə arxalana bilsin. Vaşinqton və Brüssel də İrəvanla olduğu kimi Bakı ilə əməkdaşlığa heç də az diqqət yetirmir. Ermənistan KTMT-də qalacaq, amma bu təşkilatın özü əhəmiyyətini itirir. Əslində, bu gün yalnız Belarus Rusiyanın KTMT-də əsl müttəfiqi sayıla bilər”

Ukraynalı analitik İlya Kusa isə hesab edir ki, prinsipcə, vəziyyət kifayət qədər məntiqli və ardıcıl inkişaf edir: “Ermənistan öz öhdəliklərini yerinə yetirmədiyi üçün Rusiya ilə hərbi-siyasi ittifaqın məqsədəuyğunluğu ilə bağlı sual yaranır. Anlaşılmazlıq Ukraynada müharibə başlayandan sonra Rusiya Ermənistanı öz işğalını dəstəkləməyə inandırmağa çalışdığı vaxtdan yaranıb. İrəvan isə bundan imtina edib. Bu da Putinlə Paşinyan arasında əlavə çəkişmə yaradıb. Ermənistan hökuməti Rusiya ilə müttəfiqlikdən tədricən çıxmaq istiqamətində konkret addımlar atmağa başlayıb. Bu, Paşinyanın KTMT və MDB çərçivəsində müxtəlif demarşlardan başlayaraq, son günlər Qərb mətbuatında səsləndirdiyi bəyanatlarla bitir.

Baş nazir Ermənistan ərazisində Rusiya hərbi bazalarının olmasını strateji səhv adlandırıb”, – deyə politoloq xatırladıb.

İlya Kusa hesab edir ki, Ermənistan indi Qarabağ problemindən qurtulmaq imkanı əldə edərək, xarici siyasətini Qərbə və ya daha çoxvektorlu formata yönləndirməklə məşğuldur: “Rusiya isə bunun qarşısını almağa çalışacaq. Paşinyana alternativlər axtarılır. Paşinyanın devrilmək ehtimalı var. Amma Moskvanın başı indi Ukraynadakı müharibəyə qarışdığından bunu etmək çətin olacaq. Beləliklə, hesab edirəm ki, bütün bunlar Ermənistan və Rusiya arasında ciddi qarşıdurmaya gətirib çıxarır. Bununla da Ermənistan xarici siyasət azadlığının bədəlini çox ağır ödəyəcək”, – deyə Kusa yekunlaşdırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*