“İnadkarın ram edilməsi” filmi SSRİ-də niyə 56 milyon tamaşaçı topladı? – MARAQLI MƏLUMATLARbackend

“İnadkarın ram edilməsi” filmi SSRİ-də niyə 56 milyon tamaşaçı topladı? - MARAQLI MƏLUMATLAR

Bəzi filmlər var ki, başqa ölkədə, tamam fərqli bir dövrdə çəkilsə də, insana doğma gəlir. İtaliyanın məşhur “İnadkarın ram edilməsi” (Il bisbetico domato) filmi də məhz belə ekran əsərlərindəndir.

Adriano Çelentano filmdə evlənmək fikrindən zəhləsi gedən, öz qaydaları ilə yaşayan, heç kimə ehtiyacı olmadığını düşünən inadkar fermer Eliyanı canlandırır. Günlərin birində onun həyatına Ornella Muti daxil olur və bu gözəl qadın tədricən Eliyanın bütün qaydalarını alt-üst etməyə başlayır.

Düzünü desək, bu cütlüyün tamaşaçıların rəğbətini qazanması heç də təəccüblü deyil. Çelentano filmdə sözün əsl mənasında xarizma saçır. Ornella Muti isə o qədər gözəldir ki, Eliyanın ondan başqa kiməsə diqqət yetirə biləcəyinə inanmaq çətindir.

  • Amma filmlə bağlı insanları ən çox təəccübləndirən başqa bir rəqəmdir: “İnadkarın ram edilməsi” filminə SSRİ-də 56 milyon insan baxıb!

Üstəlik, sovet tamaşaçılarına filmin ixtisar edilmiş versiyası təqdim olunmuşdu. Bəzi açıq-saçıq səhnələr, restorandakı dava, ovçularla bağlı epizod və hətta inəyin balalaması səhnəsi belə kəsilib çıxarılmışdı.

Bir anlıq təsəvvür edin: 1980-ci ildə İtaliyada çəkilmiş bir komediya Sovet İttifaqına gəlir və qısa müddətdə milyonlarla insanın sevimli filminə çevrilir. Bu, əslində, filmin nə qədər böyük populyarlıq qazandığının göstəricisidir.

Çəkilişlərlə bağlı maraqlı detallar da az deyil. Məsələn, filmin məşhur üzüm əzmə səhnəsi həqiqətən də Vogera şəhərində çəkilib və üzüm ayaqlarla əzilib. Filmdə gördüyümüz restoran bu gün də fəaliyyət göstərir, divarlarında isə çəkilişlərdən qalan fotolar asılıb. Hətta filmdə görünən yanacaqdoldurma məntəqəsi də hələ də işləyir.

Bəlkə də bu cür filmlər məhz buna görə köhnəlmir. Onlarda mürəkkəb süjetə, möhtəşəm xüsusi effektlərə və ağlasığmaz hadisələrə ehtiyac yoxdur. İki istedadlı və xarizmatik aktyor, gözəl komediya və illər keçsə də, yaddaşlardan silinməyən səhnələr kifayətdir.

Yəqin ki, çoxunuz bu filmə televizorda təsadüfən rast gəlib, işinizi-gücünüzü bir kənara qoyaraq sona qədər izləmisiniz. Hətta neçə dəfə baxdığınızı da xatırlamırsınız.

Bəs siz “İnadkarın ram edilməsi” filminə neçə dəfə baxmısınız? Hər dəfə yenidən izləməyə dəyən filmlərdəndir, elə deyilmi?

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*