İnkişaf edən Azərbaycan diasporu – Reallıqlar və imkanlarbackend

İnkişaf edən Azərbaycan diasporu - Reallıqlar və imkanlar

Elan edilən yeni mərhələdə diaspor quruculuğunun, lobbiçiliyin və dünya azərbaycanlıların həmrəylinin gücləndirilməsi əsas prioritetlərdən biri hesab oluna bilər.

Əslində, diaspor quruculuğunun və lobbiçiliyin birgə inkişafı elə dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmazlığını təmin edən şərtlərdən biridir.

Azərbaycanın mühacirət tarixinə nəzər salsaq, diaspor quruculuğu sahəsində mühüm dəyişikliklərin baş verdiyini görmək olar. İndi dünyanın müxtəlif ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzlərinin, Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, “Qarabağ”, “Nizami Gəncəvi”, “Natəvan” adlarını daşıyan Azərbaycan həftəsonu məktəblərinin yaradılması, Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə keçirdikləri Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi dünya azərbaycanlılarının sistemli, mütəşəkkil, ardıcıl fəaliyyət göstərməsinə xidmət edən təşəbbüslərdir.

Siyasi baxışından, düşüncə tərzindən asılı olmayaraq, xaricdəki azərbaycanlı elm, mədəniyyət, incəsənət, ictimai xadimlərinin, gənclərinin bir araya gətirilməsi təqdirəlayiq haldır. Bu yaxınlarda Azərbaycan hakimiyyətinə qarşı tənqidi baxışları ilə məşhur olan mərhum jurnalist Elmar Hüseynovun Norveçdə yaşayan oğlu Aslan Hüseynovun Macarıstan Azərbaycan Evinin Budapeşt şəhərində təşkil etdiyi Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunda iştirakı belə nümunələrdən biridir.   

Bu fəaliyyətin müsbət nəticəsi Tovuz döyüşləri, Vətən müharibəsi və postmüharibə dönəmində də özünü göstərdi. Qorxunc pandemiya təhlükəsinə baxmayaraq, xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları, ölkəmizin haqlı səsini böyük fədakarlıqla yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırılması işində fəal iştirak etdilər. Hətta bu fəallıq Ermənistandakı diaspor qurumunun ləğvi ilə nəticələndi.

Amma indiyədək diaspor əsas hədəfinə – dünya ictimaiyyətinin rəyinə təsir edən, iri maliyyə imkanları ilə seçilən, güclü lobbi dəstəyinə malik olan digər diasporların arasında layiqli yer almağa nail olmayıb.

Əlbəttə, kimsə deyə bilər ki, bu, həm də iqtisadi güclə bağlıdır. Məsələn, “Hayastan” ümumerməni fondunun vasitəsi ilə Ermənistana 1992-ci ildən 2020-ci ilin sentyabrına qədər 247 milyon dollar, 44 günlük müharibə zamanı isə 212 milyon dollarlıq ianə toplanaraq göndərilib.

Amma, ictimai rəyə təsir gücü təkcə maliyyədən asılı deyil, həm də ardıcıl işin aparılmasından, həm də cəsarətli ürək sahibi olmaqdan keçir.

Erməni lobbisinin güclü olduğu Qərb ölkələrində Azərbaycan diasporu fəalı olmağın, vətənimizin haqq səsinin eşidilməsi naminə çalışmağın nə demək olduğunu hər kəs anlayır. Amma meydanda Zaur Sadıqbəyli, Ramiz Yunus, Fəridə Pənahova nümunələri də var axı. Hüquqşünas, erməni vəhşiliyini gözləri ilə görmüş Zaur Sadıqbəylinin, AXC-Müsavat hakimiyyəti dövründə iqtidar təmsilçisi olmuş Ramiz Yunusun Fransa və ABŞ mediasında ermənilərlə debata çıxmaları, Azərbaycan həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırmaları, ermənipərəst Makron və Bayden administrasiyalarını sərt tənqid etmələri, Fəridə Pənahovanın erməni icmasının baronessa Koks kimi ifrat ermənipərəst siyasətçilərlə birgə Azərbaycana qarşı tədbir keçirməsinin qarşısının alınması istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

Amma dünya birliyinin yolverilməz davranışı göstərir ki, bu istiqamətdə fəaliyyətimiz fasiləsiz və ardıcıl şəkil almalıdır. Biz məkrli xislətə malik olan erməni diasporunun və lobbiçilərinin nəfəs almasına belə imkan verməməliyik.

Bunun üçün Azərbaycan diasporunun iri ölkələrdə güclü fondları və peşəkar media strukturu formalaşdırılmalıdır. Azərbaycan diasporunun səsi ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Niderland və digər Qərb ölkələrinin qanunvericilik məclislərində, hökumət kuluarlarında eşidilməlidir.

Ermənistanın və havadarlarının ölkəmizə qarşı törətdiyi işğalçılıq siyasətinin qəddar üzü bütün çılpaqlığı ilə iri dövlətlərin ən məşhur salonlarında nümayiş etdirilməli, Azərbaycan xalqının başına gətirilən fəlakətlər, soyqırımlar, terror aktları bütün dünyanın gündəminə gətirilməlidir.

Qarşıdan Xocalı soyqırımının 32-ci ildönümü gəlir. Bu soyqırımı haqqında biz və diasporumuz yalnız fevralın son günlərində danışmamalıyıq. Ermənistan Azərbaycandan rəsmən üzr istəyənə, Qərb bu dəhşətli faciəni rəsmən tanıyana qədər ermənilərin ifşasına davam etməliyik.

Xatirə SADİQ,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*