İqlim “hücuma keçir”, COP29 daha da önəm qazanır – “Hər kəs öz payına düşəni götürəcək”backend

İqlim "hücuma keçir", COP29 daha da önəm qazanır - "Hər kəs öz payına düşəni götürəcək"

Zaman keçdikcə iqlim dəyişikliklərinin yaradacağı təhlükələr də öz arsenalını genişləndirir. Planetimiz gün keçdikcə daha da isinir, buzlaqlar əriyir, fəsillərin nizamı pozulur. İqlim dəyişmələri fonunda qlobal istiləşmə vüsət alır. Artıq bu problem bütün dünya dövlətlərini əhatə etməkdədir. Hər bir dövlət qarşıdan gələn təhlükələri azaltmaq və əvvəlcədən hazırlıqlı olmaq üçün həyəcan təbili çalır.

Qlobal istiləşməni yaradan səbəblər

Qlobal istiləşmə yerin ortalama temperaturunun artması ilə bağlı bir prosesdir və bunun bir sıra səbəbləri, nəticələri və təsirləri var.

Planetimizdə temperaturun artması istilik (istixana) effekti yaradan qazların – karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-flüor birləşmələrinin konsentrasiyasının artması ilə bağlıdır. Buna insan fəaliyyətinin yol açdığını iddia edənlər də az deyil. Atmosferə atılan bu qazlar istixana effekti yaradaraq Yer kürəsinə daxil olan Günəş enerjisini özündə saxlayır. Nəticə etibarilə planetimiz isinir.

İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panel (IPCC) hesabatına görə, son 250 ildə atmosferdə karbon qazının ümumi tərkibi 28%, metanın payı 60% artıb. Bəzi alimlərin fikrincə, karbon qazı tullantıları azalmazsa, 2029-cu ildə temperaturun 1,5 dərəcə Selsidən daha çox artım ehtimalı 50%-ə bərabərdir.

Ekspertlərin ehtimallarına görə, əgər Yer kürəsində temperatur bu minvalla qalxmaqda davam etsə, 2050-ci ilədək hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər 6 dərəcəyə qədər yüksələ bilər.

Kütləvi şəkildə meşələrin məhv edilməsi, ağacların kəsilməsi və s. atmosferdə istixana qazlarının daha da artımına gətirib çıxarır. Həmçinin, kənd təsərrüfatı fəaliyyətləri metan və azot oksidləri kimi istixana qazlarının emissiyasını artırır.

Qlobal istiləşmənin yaradacağı təhlükələr

Qlobal istiləşmə iqlim dəyişiklikləri fonunda özünü daha çox göstərir. Belə ki, hava şəraitinin, fəsillərin nizamının dəyişməsi ekstremal hava hadisələrini, təbii fəlakətlərin artmasını qaçılmaz amilə çevirir. Dünyanın bir yarısında güclü qasırğalar, sel, digər yarısında isə quraqlıq öz təsir dairəsini genişləndirir. Qlobal istiləşmə buzlaqların əriməsinə səbəb olur. Bu da öz növbəsində kiçik ada dövlətlərinin varlığını təhlükə altına alır, sahilləri daraldır. Canlılar istiləşmənin intensivliyinə uyğunlaşa bilmirlər, bu isə biomüxtəlifliyin aradan qalxmasına, nəsli kəsilməkdə olan heyvanların sayının minimuma düşməsinə və məhv olmasına gətirib çıxarır.

İqlim dəyişikliyinin qarşısını almağın həll yolları

İqlim dəyişikliyinin qarşısının alınması üçün bir çox həll yolları var. 2015-ci ildə dünya liderləri bu həll yollarını həyata keçirmək üçün “Paris Sazişi” adlı böyük müqavilə imzaladılar. İqlim dəyişikliyi ilə bağlı bütün həllərin əsası istixana qazı emissiyalarının mümkün qədər qısa müddətdə azaldılması və sıfıra endirilməsidir. Həm meşələr, həm də okeanlar iqlimi tənzimləməkdə həyati əhəmiyyətli rol oynadığından meşələrin və okeanların karbon dioksidi udmaq kimi təbii qabiliyyətinin artırılması da qlobal istiləşməni dayandırmağa kömək edə bilər. Həmçinin, əsas enerji mənbələrini bərpaolunan enerjiyə dəyişmək qalıq yanacaqlarından istifadənin dayandırılmasının ən yaxşı yoludur. Bunlara Günəş, külək, dalğa, geotermal enerji kimi texnologiyalar daxildir. Avtomobillərin əksəriyyəti, təyyarələr və gəmilər qalıq yanacaqlardan istifadə edir. Avtomobildən istifadənin azaldılması, elektrikli nəqliyyat vasitələrinə keçid təkcə hava çirklənməsini azaltmayacaq, həm də iqlim dəyişikliyini dayandırmağa kömək edəcək.

Azərbaycan da qlobal mühitdən kənarda qalmayıb

Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,3o C-yə qədər artıb. İqlim dəyişmələri fonunda Azərbaycan daşqın, qar uçqunu, tufan, qasırğa, dalğalanma, güclü külək, quraqlıq, şoranlaşma, torpaqların eroziyası, səhralaşma kimi ekstremal təsirlərə məruz qalır. İqlim ağırlaşmaları həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və sosial-iqtisadi baxımdan miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır.

Ölkədə həyata keçirilən uğurlu ekoloji siyasət ətraf mühitə dost texnologiyalardan istifadə, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacaq olan təbii qaza keçilməsi, məişət tullantılarının idarəedilməsinin təkmilləşdirilməsi, müasir avtomobil yollarının çəkilməsi, müasir aqroparkların yaradılması, yeni meşə massivlərinin salınması, azkarbonlu enerji səmərəliliyi, tullantıların effektiv idarəedilməsi texnologiyalarının tətbiq olunması üzrə atılan addımlar sayəsində mümkün olub.

COP29-a ev sahibliyi

Bildiyimiz kimi, cari ilin noyabr ayında Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəfləri Konfransına (COP29) ev sahibliyi edəcək. Konfrans çərçivəsində gərgin müzakirələrin gedəcəyi ehtimal olunur. COP29-un əsas mövzusu isə 2025-ci ildən sonra üçün Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) müəyyən edilməsi olacaq. Burada bəzi ziddiyyətli məqamlar ortaya çıxır. Hansı ki, inkişaf etməkdə olan ölkələr maliyyəni 1,1 trilyon ilə 1,3 trilyon dollar arasında tələb olduğunu desələr də, inkişaf etmiş ölkələr bu məbləğin 100 milyard dollar səviyyəsində saxlanmasını və ya bir qədər artırılmasını istəyirlər. Mübahisəli məqamlardan biri də bu vəsaiti kimlərin verəcəyi ilə bağlıdır. Norveç və ABŞ daxil bəzi ölkələr Çin və neftlə zəngin digər ölkələrin də iqlim fondlarına töhfə verməli olduğunu düşünürlər.

Xatırladaq ki, 2009-cu ildə dünya ölkələri razılaşıblar ki, inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə iqlim fəaliyyətinə dəstək üçün hər il 100 milyard dollar ayrılacaq. 2015-ci ildə bu məbləğin Paris Sazişi çərçivəsində 2020-25-ci illər üçün etibarlı olacağı təsdiqlənib. Beynəlxalq təşkilatların hesabatına görə, 100 milyard dollarlıq hədəfə ilk dəfə 2022-ci ildə nail olunub.

COP29 çərçivəsində təklif olunan 60 məsələnin qəbul olunması istiqamətində müzakirələr aparılacaq.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Mili Məclisin üzvü Siyavuş Novruzov bildirilib ki, COP29-da qaldırılacaq 60 məsələ çox ciddidir:

“Bu gün dünya ekologiya təhlükəsi ilə üz-üzə qalıb. Havaya buraxılan qazlar, istismar müddətini tamamlayan atom elektrik stansiyaları, çayların çirkləndirilməsi, təbiətin məhv edilməsi ekoloji tarazlığı pozur. Bu məqamda yeni baxışlara və yeni addımlara ehtiyac var. Bu gün ekologiyaya ən çox zərər verən ölkələrin bu zərərlərin aradan qaldırılmasına yardım məqsədilə maliyyə ayırmaları COP29-un əsas məsələlərindən biridir. Bundan qaçmağa, yayınmağa çalışan böyük dövlətlər bu və ya digər şəkildə silahlanma, raket və başqa növ vasitələrin istehsalı ilə ekologiyaya ciddi ziyan vururlar. Hələ bu azmış kimi, COP29-a qarşı təxribatlar aparmaqla məşğuldurlar. Onlar Azərbaycana qarşı olmazın bəyanatlar səsləndirirlər”.

Onun sözlərinə görə, alternativ enerji təminatına dəstək olan yaşıl enerji barədə Azərbaycan çox ciddi məsələlər ortaya qoyub:

“Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında qaldırdığı digər məsələlər necə həllini tapırsa, COP29-da da qaldırılan məsələlər öz həllini tapacaq. COP29 iqlim məqsədlərinə çatmaq üçün kifayət qədər təsirli olacaq. Ekologiyaya dəyən ziyanın qarşısının alınması istiqamətində müxtəlif təbliğatlar aparılacaq. Bununla da həm cəmiyyət, həm də dövlət öz payını götürəcək”.

Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov hesab edir ki, qərarlar qəbul edilməlidir, lakin əsas vacib amil insanların düşüncəsində dönüşün olmasıdır:

“İnsanın iqlim dəyişikliyinə təsiri lokal, regional səviyyədə mümkündür, lakin insan iqlimi dəyişdirir kimi fikrin irəli sürülməsi mübaliğədir. İqlim dəyişikliyində insanın rolu inkarolunmazdır. Amma təbiətdə gedən proseslər bizim iradəmizdən asılı deyil, bizim ona təsir gücümüz yoxdur. Məsələn, ABŞ-nin Florida ştatında hər il qasırğalar baş verir və bu, milyardlarla dollar ziyana səbəb olur. Ən zəngin dövlət bu qasırğaya təsir edə bilmir. Bizim özümüz təbiətin qanunlarının çoxunun izahını verə bilmirik. Ancaq bu o demək deyil ki, oturub gözləməliyik. İlk olaraq, istehsal prosesində ətraf mühitə atılan karbon qazının, metanın həcmini azaltmalı, proseslərdə öz təsirimizi gücləndirməliyik. Biz anlamalıyıq ki, iqlim dəyişməsinə öz həyat tərzimizi adaptasiya etməliyik. Biz elə təsərrüfat sahələri yaratmalı, elə bitkilər becərməli, elə heyvanlar gətirməliyik ki, onlar isti havaya uyğunlaşsınlar. Bu uyğunlaşma proqramını, strategiyasını tullantıları azaltmaq, yaşıl enerjiyə keçid etmək və s. ilə inkişaf etdirməliyik. Digər tərəfdən, ərzaq və qida təhlükəsizliyini təmin etmək üçün bitkilərin və heyvanların yeni növlərinin alınmasında istiliyə uyğun biomüxtəlifliyi dəyişməliyik”.

Ekoloq Rövşən Abbasov qeyd edib ki, COP-un əsas məqsədi ölkələr tərəfindən atmosferə atılan istixana qazlarının azaldılmasına nail olmaqdır:

“Paris Sazişində dövlətlər öhdəlik götürdülər ki, hər bir ölkə atmosferə atılan istixana qazlarının miqdarını könüllü şəkildə azaltmalıdır. Biz deyirik ki, istixana qazlarının emissiyaları azaldılmalıdır, amma necə azaldılmalıdır? Məsələn, istixana qazlarının yaranmasına səbəb avtomobillər, zavodların istehsal prosesi, enerji istehsalı, evlərin isidilməsi zamanı qazın yandırılması və sairdir. Sən gərək elə avtomobil sürəsən ki, o, istixana qazının atmosferə atılmasına səbəb olmasın. Deyirik ki, elektrikli avtomobilə keçək, amma Azərbaycanda istehsal olunan elektrikin 90 faizindən çoxu yenə də qaz yandırılmasından əldə olunur. Bundan ötrü elə mənbələrə keçmək lazımdır ki, ondan yaşıl enerji alınsın. Məsələn, Günəş, külək elektrik stansiyalarını qurmaqla, onların istehsal etdiyi enerji ilə buna nail olmaq olar. Ona görə də COP29-da maliyyə məsələlərinə baxılması gündəmdədir. Ölkələr maliyyə məsələlərinə baxacaqlar, prosesləri təftiş edib müəyyən nəticəyə gələcəklər”. (oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*