“Ölüm taciri öldü”: Alfred Nobelin həyatını dəyişən nekroloq və dünyanın ən nüfuzlu mükafatının yaranma tarixçəsibackend

"Ölüm taciri öldü": Alfred Nobelin həyatını dəyişən nekroloq və dünyanın ən nüfuzlu mükafatının yaranma tarixçəsi

1895-ci il noyabrın 27-də Parisdə, İsveç-Norveç klubunun sakit zalında qısa boylu, saçları ağarmış, ağır xəstə bir kişi qara dəri qovluğundan əllə yazılmış bir neçə vərəq çıxararaq təsadüfi tanış olduğu dörd həmyerlisindən həmin sənədi şahid qismində imzalamağı xahiş etdi. Yanında nə notarius, nə vəkil, nə də yaxınlarından kimsə vardı.

Beləliklə, “dinamit kralı”, dünyanın ən varlı insanlarından biri, iyirmi ölkədə 90-dan çox zavoda və Bakı neft sənayesində böyük paya sahib olan Alfred Nobel XX əsrin tarixində mühüm yer tutacaq vəsiyyətnaməsini imzaladı.

Onu bu addımı atmağa şəxsi dram, qəzet səhvi və həyatında xüsusi iz qoymuş bir qadının təsiri sövq etmişdi.

Alfred Nobel partlayıcı maddələr imperiyasını qeyri-adi inadkarlıq və zəhmət hesabına qurmuşdu. 1864-cü ildə Stokholm yaxınlığındakı laboratoriyada nitroqliserinlə aparılan təcrübə zamanı güclü partlayış baş verdi. Hadisə nəticəsində onun 21 yaşlı kiçik qardaşı Emil də daxil olmaqla bir neçə nəfər həyatını itirdi. Lakin bu faciə Nobeli tədqiqatlarından çəkindirmədi. O, təhlükəsiz istifadə üçün nəzərdə tutulan dinamiti, tüstüsüz barıtı və digər ixtiraları üzərində çalışmağa davam etdi. Həyatı boyu 355 patent aldı və bu ixtiralar sayəsində böyük sərvət topladı.

Lakin 1888-ci ildə Kann şəhərində böyük qardaşı Lüdviq Nobel vəfat etdi. Paris qəzetlərindən biri isə səhvən Alfred Nobelin öldüyünü yazdı. Səhər yeməyi zamanı qəzetə göz gəzdirən Alfred öz nekroloqu ilə qarşılaşdı. Məqalənin başlığı isə olduqca sarsıdıcı idi: “Ölüm taciri öldü. İnsanları əvvəlkindən daha sürətlə öldürmək üsulunu ixtira edərək varlanan doktor Alfred Nobel dünən Kann şəhərində vəfat edib”.

Bu xəbər Alfred Nobelin düşüncələrində ciddi dönüş yaratdı. Ailəsi və övladı olmayan milyarder qəzetdə özünə verilən qiymətlə üzləşəndə gələcək nəsillərin onu necə xatırlayacağı barədə düşünməyə başladı. O, bəşəriyyətin yaddaşında yalnız ölüm və dağıntı ilə əlaqələndirilən bir insan kimi qalmaq istəmirdi.

Məhz bu məqamda həyatında xüsusi yer tutan avstriyalı baronessa Berta fon Zutnerin fikirləri yada düşdü.

Berta Kinski uzun illər əvvəl Nobelin Vyana qəzetində dərc etdirdiyi “Yazışma və təsərrüfat işləri üçün təhsilli orta yaşlı xanım axtarılır” elanına cavab vermişdi. O, Parisdə Nobelin yanında cəmi bir həftə katibə kimi çalışsa da, öz zəkası və dünyagörüşü ilə onun diqqətini cəlb etməyi bacarmışdı.

Berta sonradan başqa bir şəxslə ailə qurdu və Avropanın ən tanınmış sülh tərəfdarlarından birinə çevrildi. O, məşhur “Silahlar yerə!” romanını yazdı, müharibə əleyhinə fəaliyyət göstərdi və uzun illər Alfred Nobelə məktublar göndərərək onu sərvətini silahlanmaya deyil, sülhün qorunmasına yönəltməyə çağırdı.

1896-cı ilin dekabrında Alfred Nobel San-Remodakı villasında beyin qanaxması nəticəsində vəfat etdi. Onun 1895-ci il noyabrın 27-də imzaladığı vəsiyyətnamə açıqlananda İsveçdə böyük qalmaqal başladı.

Məlum oldu ki, Nobel sərvətinin təxminən 94 faizini — 31 milyon İsveç kronunu xüsusi fondun yaradılmasına vəsiyyət edib. Bu fondun gəlirlərinin hər il beş istiqamət üzrə mükafat şəklində təqdim olunmasını istəyirdi: fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və sülhün möhkəmləndirilməsi.

Nobelin qohumları, xüsusilə Bakıdakı “Branobel” neft imperiyasının idarə olunmasında iştirak edən qardaşı Lüdviqin oğulları vəsiyyətnaməyə etiraz etdilər. Onlar sənədin notariusun iştirakı olmadan tərtib edildiyini və hüquqi baxımdan mübahisəli məqamların olduğunu iddia edirdilər.

İsveç kralı II Oskar da milyarderin sərvətinin əhəmiyyətli hissəsinin beynəlxalq mükafatlara yönəldilməsindən narazı idi. Sosialistlər isə sənaye müəssisələrinin milliləşdirilməsini tələb edirdilər.

Vəsiyyətnamənin icrası üçün təxminən beş il davam edən hüquqi mübahisələr və danışıqlar aparıldı. Nəhayət, 1901-ci ildə ilk Nobel mükafatları təqdim olundu.

Maraqlı məqam isə ondan ibarət idi ki, 1905-ci ildə sülh üzrə Nobel mükafatına məhz Alfred Nobelin illərlə məktublaşdığı, onu müharibələrə qarşı mübarizəyə çağıran Berta fon Zutner layiq görüldü.

Beləliklə, bir vaxtlar qəzet səhvi nəticəsində öz ölüm xəbərini oxuyan “dinamit kralı” tarixə yalnız partlayıcı maddələrin ixtiraçısı kimi deyil, elmə, ədəbiyyata və dünya sülhünə töhfə verən insanları mükafatlandıran nüfuzlu bir mükafatın banisi kimi düşdü.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*