İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? – ŞOK DETALLARbackend

İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? – ŞOK DETALLAR

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizinə nəzarətin üçüncü tərəfi təmsil edən özəl bir şirkətə verilməsi ilə bağlı danışıqların aparıldığını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Paşinyan konkret ölkə və ya şirkətin adını çəkməsə də, daha əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası bu marşrutun nəzarətini amerikalı bir quruma verməyi təklif edib. ABŞ-ın Ankaradakı sabiq səfiri və Trampın Suriya üzrə xüsusi elçisi Tom Barrakın sözlərinə görə, Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanı Naxçıvanla birləşdirəcək 32 kilometrlik dəhlizdə xarici idarəetmə qurulması, eyni zamanda nəqliyyat, enerji və telekommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.

Əvvəllər Ermənistan hökuməti bu məlumatları təkzib etsə də, indi Paşinyan bu planların gerçək olduğunu etiraf edib. Layihəyə görə, üçüncü ölkədən olan investor dəhlizdə dəmir yolu, avtomobil yolu, boru kəmərləri və rabitə infrastrukturu inşa edəcək, sonra isə sərmayələrini geri alana qədər bu infrastrukturu istismar etmək hüququna malik olacaq. Ardınca isə bu infrastruktur Ermənistan Respublikasına qaytarılacaq. Bu model “Build–Operate–Transfer” (Tik, İdarə Et, Təslim Et) adlanır və beynəlxalq praktikada geniş istifadə olunur.

Eyni zamanda, gömrük və sərhəd nəzarətinin də həmin özəl şirkətə verilməsi nəzərdən keçirilir. Bu isə Ermənistan ərazisində qismən suveren xarakterli beynəlxalq idarəetmə zonasının yaradılması deməkdir. Sülh sazişi hələ imzalanmasa da, Ermənistan hökuməti aralıq razılaşmaya açıqdır və sənədin paraflanması üzrə danışıqları davam etdirir.

Bu inkişaflar region dövlətlərinin, xüsusən də İranın ciddi narahatlığına səbəb olub. Tehran dəfələrlə bildirmişdi ki, Zəngəzur dəhlizinin İranın maraqları nəzərə alınmadan yaradılması “qırmızı xəttin” keçilməsi deməkdir.

Amerikalı iranşünas, Cənubi Alabama Universitetinin fəxri professoru Nadir Entessari bildirib ki, ABŞ-ın bu regiondakı strategiyası İran ətrafında izolasiya dairəsi qurmağa yönəlib. Onun fikrincə, Vaşinqtonun əsas məqsədi İranın Qafqaz və Mərkəzi Asiya istiqamətində nəqliyyat və siyasi baxımdan bloklanması, eyni zamanda Ermənistan və Azərbaycanın Rusiyadan uzaqlaşdırılmasıdır.

Entessari vurğulayıb ki, bu yalnız geosiyasi deyil, həm də iqtisadi maraqlara xidmət edir. Cənubi Qafqaz ABŞ üçün alternativ enerji və logistika marşrutları baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan ABŞ və Çinin maraqları müvəqqəti şəkildə üst-üstə düşə bilər. Baxmayaraq ki, amerikalıların fəallaşması Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsünü zəiflədir, bu layihəni tam ləğv etmir – əksinə, Pekini daha ehtiyatlı manevrlərə vadar edir.

Entessarinin sözlərinə görə, Avropa İttifaqı da ABŞ-ın təşəbbüsünü dəstəkləyir, çünki bu, Rusiyanın postsovet məkanından sıxışdırılıb çıxarılmasına xidmət edir. Ermənistan isə ildən-ilə daha qətiyyətlə Avroatlantik inteqrasiya yolunu tutur və hökuməti ABŞ-ın təzyiqlərinə qarşı durmaq gücündə deyil.

Bunun fonunda İranın cavab imkanları xeyli məhduddur. Tehran Bakı üzərində təsir imkanlarını tamamilə itirib. Ermənistan üzərindəki ənənəvi təsir kanalları da artıq zəifləyib. İran nə iqtisadi, nə də hərbi baxımdan ABŞ-ın regiondakı planlarını durduracaq gücə malikdir.

Ekspertin fikrincə, İranın bu gün seçə biləcəyi yeganə yol – “az zərərlə geriləmə” taktikasıdır. Yəni, sərt bəyanatlar yerinə real vəziyyətə uyğun məhdud layihələrə yönəlmək və strateji mövqelərini itirməməyə çalışmaq.

Entessari bildirir ki, əgər Tehran doğrudan da öz maraqlarını qorumaq istəyirsə, indi – qərar anıdır. Əks halda, Cənubi Qafqazda yeni reallıq İranın prioritetlərini nəzərə almadan formalaşacaq.

Müşviq Tofiqoğlu

KONKRET az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*