İranda Mehrdad Əxlaki müdafiə naziri vəzifəsinə təyin olunub.
KONKRET.az xəbər verir ki, İran mediasının məlumatına görə, parlamentdə keçirilən səsvermədə 277 deputatdan 237-si onun namizədliyini dəstəkləyib, 15 deputat isə əleyhinə səs verib.
Yeni müdafiə naziri çıxışı zamanı rəqibin “strateji dalana dirəndiyini” bildirib. O, ABŞ-nin “yenidən səhvə yol verməsi” halında gözlənilməz və genişmiqyaslı nəticələrin baş verəcəyi barədə xəbərdarlıq edib.
Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian da Əxlakinin namizədliyini dəstəkləyərək onun müdafiə naziri təyin olunmasının lehinə çıxış edib.
Mehrdad Əxlaki 42 ildən artıqdır ki, İranın müdafiə strukturlarında çalışır. O, İranın Aerokosmik Sənaye Təşkilatına (AIO) rəhbərlik edib, həmçinin ölkənin ballistik raketlərinin hazırlanması və istehsalı ilə məşğul olan “Şəhid Baqeri” sənaye qrupuna başçılıq edib.
Bu vəzifələrdə çalışdığı müddətdə Əxlaki uzun müddət ictimaiyyətə çox da tanış olmayan, qapalı fiqur kimi qalıb.
Günay Əli
KONKRET.az
