İrandan gətirilən qida məhsulları təhlükəlidirmi? – Ekspertdən vacib xəbərdarlıqbackend

İrandan gətirilən qida məhsulları təhlükəlidirmi? – Ekspertdən vacib xəbərdarlıq

Son dövrlər İranda baş verən hadisələr fonunda bu ölkədən Azərbaycana idxal olunan qida məhsullarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb. İstehlakçılar xüsusilə süd məhsulları, konservlər və digər tez xarab olan ərzaqların keyfiyyəti, eləcə də onların saxlanma və daşınma şəraiti ilə bağlı suallar səsləndirirlər.

Bəs İrandan gətirilən qida məhsulları sağlamlıq üçün risk yarada bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, məhsulun İranda istehsal olunması onun təhlükəli olması anlamına gəlmir.

Onların adı qara siyahıya salınsın, cinayət işi açılsın"

Ekspertin sözlərinə görə, Azərbaycana idxal edilən bütün qida məhsulları ölkəyə daxil olarkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətindən keçir və yalnız müvafiq yoxlamalardan sonra satışa buraxılır.

“Məhsulun İrandan gətirilməsi onun təhlükəli olması demək deyil. Bütün idxal məhsulları AQTA tərəfindən yoxlanılır. Risk qrupuna daxil olan məhsullar isə daha ciddi laborator nəzarətdən keçirildikdən sonra satışına icazə verilir”, – deyə ekspert bildirib.

İ. Şirinov vurğulayıb ki, əsas risk məhsulun mənşə ölkəsindən deyil, etiket məlumatlarının düzgün təqdim olunmaması, eləcə də saxlanma və daşınma qaydalarının pozulmasından qaynaqlanır.

“Əgər məhsulun üzərində Azərbaycan dilində etiket yoxdursa, istehsal və son istifadə tarixi, həmçinin saxlanma şəraiti düzgün göstərilməyibsə, bu, istehlakçı üçün təhlükə yarada bilər. Markalanma aydın və oxunaqlı olmalı, yararlılıq müddəti görünən yerdə qeyd edilməlidir ki, alıcı bu məlumatlarla rahat tanış ola bilsin”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, xüsusilə süd məhsulları, yağ, ət, balıq və balıq konservləri, eləcə də şirniyyat və cem kimi tez xarab olan məhsulların daşınması və saxlanması zamanı temperatur rejiminə ciddi əməl olunmalıdır.

“Bəzən İran məhsullarının daşınması zamanı müəyyən problemlər yaşana bilir. Xüsusilə süd, yağ, ət və konserv məhsullarında soyuq zəncirin qorunması vacibdir. Temperatur rejimi pozulduqda məhsulun təhlükəsizliyi risk altına düşə bilər”, – deyə İ. Şirinov əlavə edib.

Sonda ekspert istehlakçılara qida məhsulu alarkən etiket məlumatlarını diqqətlə yoxlamağı, istehsal və son istifadə tarixini nəzərdən keçirməyi, həmçinin məhsulun satış məntəqəsində düzgün şəraitdə saxlanılıb-saxlanılmadığına diqqət yetirməyi tövsiyə edib.

Onun sözlərinə görə, bu qaydalara əməl olunduğu təqdirdə idxal olunan qida məhsullarının istehlakı ilə bağlı riskləri minimuma endirmək mümkündür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*