ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri 5 milyard dollar olan geniş mənzilli JDAM-ER hava bombaları və onlarla əlaqəli avadanlıqların satışını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, Dövlət Departamentinin açıqlamasında bildirilib ki, təklif olunan satış Səudiyyə Ərəbistanının mövcud və gələcək regional təhdidlərə qarşı hava hücumundan müdafiə imkanlarını gücləndirməyə, ölkənin müdafiə qabiliyyətini artırmağa və ABŞ qüvvələri ilə Fars körfəzi regionundakı digər tərəfdaşların istifadə etdiyi sistemlərlə qarşılıqlı fəaliyyət imkanlarını yaxşılaşdırmağa xidmət edəcək.
Qeyd olunub ki, sövdələşmə həmçinin NATO üzvü olmayan əsas müttəfiqin təhlükəsizliyinin gücləndirilməsi yolu ilə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğun gəlir.
ABŞ Dövlət Departamenti satışla bağlı Konqresi məlumatlandırıb. Bununla belə, sövdələşmənin qüvvəyə minməsi üçün ABŞ qanunvericilərinin təsdiqi tələb olunur.
JDAM-ER GPS vasitəsilə idarə olunan, açılan qanadlarla təchiz edilmiş və idarə olunan quyruq sistemi sayəsində manevr imkanları artırılmış bombadır. Onun uçuş məsafəsinin 75 kilometrədək olduğu bildirilir.
Məlumata görə, Səudiyyə Ərəbistanı ümumilikdə 10 min hava bombası və idarəetmə dəsti tələb edib. Sifarişə 227 kiloqramlıq 5 min sursat, həmçinin 907 kiloqramlıq daha 5 min ağır bomba daxildir.
Günay Əli
KONKRET.az
