İrəvandan “alman” gedişi – Düşmənin yeni hiyləsibackend

İrəvandan “alman” gedişi - Düşmənin yeni hiyləsi

Ermənistandan Münhen Təhlükəsizlik Konfransında Paşinyanla yanaşı müdafiə naziri də iştirak edir; polkovnik məkrli planları açıqladı

Ermənistanın müdafiə naziri Suren Papikyan Almaniyaya gedib. Erməni KİV-in məlumatına görə, nazirin Münhen Təhlükəsizlik Konfransında iştirakı gözlənilir. Onun həmçinin həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Papikyan bundan günlər öncə Hindistanda olmuşdu. Maraqlıdır ki, Almaniyaya səfər ərəfəsində Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-nin Almaniyadakı “Hoenfels” hərbi bazasında keçirilən “Joint Resolve-2025″ hərbi təlimlərində iştirak edir. Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb. Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.

Ermənistan KTMT üzvü ola-ola, – hərgah, fəaliyyətini “dondurduğunu” elan edib, – hərbi sahədə əməkdaşlıq vektorunu tamamilə dəyişməkdədir. Bir yandan nazir Münhenə gedir, eyni vaxtda erməni hərbçilər Almaniyadakı ABŞ bazasında hərbi təlim keçirlər. Bu da diqqətçəkicidir ki, Münhen Konfransında Azərbaycandan XİN rəhbəri Ceyhun Bayramov, Ermənistandan isə baş nazir Paşinyanla yanaşı müdafiə naziri də iştirak edir. Bu qəbil addımlar sözsüz ki, Ermənistanın sülh bəyanatlarının yalnız gözədən pərdə asmaq niyyəti güddüyünü təsdiqləməklə yanaşı, onun müharibə hazırlığından xəbər verir. Ermənistanın bu cür addımları son nəticədə Azərbaycanla münaqişəni təzədən alovlana bilərmi?

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov

Hərbi Polisin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan artıq üçüncü dəfədir ABŞ-la birgə hərbi təlimlərdə iştirak edir: “Bu təlimlərin ikisi Ermənistanda, biri isə Almaniyadakı Amerika hərbi bazasında reallaşdırılıb. Diqqətçəkən məqamlardan biri isə odur ki, hərbi təlimə hərbi polis də cəlb olunub. Hərbi polisin vəzifələrindən biri də diversiya qruplarına qarşı mübarizə aparmaqdır. Kolonların ön xəttə daşınması, ön xətdəki qoşunlara yardım etmək və digər xüsusi tədbirlər var ki, onlar hərbi polisin vəzifəsidir. Görünən odur ki, Ermənistan hərtərəfli əhatə olunan təlimlər keçirir. Bu, müharibəyə hazırlıqdır. Hərbi polisi təlimləndirir ki, müharibədə diversiya qrupları ilə necə mübarizə aparmaq lazımdır və sair. Müdafiə naziri Papikyanın Hindistana getməsi, öldürücü müasir silahlar əldə etməsi, silah alışı ilə bağlı müəyyən razılaşmalara nail olunması, hücum silahlarının alınması üçün addımlara xüsusi yer ayırmaları, Almaniyadakı konfransa məhz müdafiə naziri Papikyanın qatılması və digər baş verənlər ondan xəbər verir ki, Ermənistan müharibəyə başlamaqda qərarlıdır”.

R.Məhərrəmov əlavə etdi ki, bu baxımdan, qarşıdakı dövrlərdə istənilən an iki ölkə arasında hərbi toqquşma başlaya bilər: “Ermənistan əhali arasında da son vaxtlar müharibə əhval-ruhiyyəsinə köklənmə müşahidə edilir. Yəni bir neçə ay öncəyə qədər xalq arasında müharibə əhval-ruhiyyəsini daha çox müxalifət, əsasən də revanşsit qüvvələr təbliğ edirdisə, son zamanlar hakimiyyət də həyata keçirdiyi addımlarla xalq arasında revanşist əhval-ruhiyyənin artmasını tətikləyir. Özlərinə biraz silah toplayıblar və Amerika ilə hərbi təlimlər keçirlər deyə Ermənistan hökumətində və cəmiyyətində müharibə əhvalı artır. Ona görə də hər an hərbi təxribat törədə bilər. Dövlətimiz, ordumuz təxribatların qarşısını almağa hazır olmalıdır”.

Ekspert vurğuladı ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatmasında əsl məqsədinin nə olduğu hər keçən gün daha da aydın olur: “Məqsəd mümkün qədər vaxt udmaq və mümkün qədər silah toplamaq, ordunu gücləndirmək və qəfildən Azərbaycana qarşı yenidən müharibəyə başlayıb ərazilər ələ keçirməkdir. Öz aləmlərində düşünürlər ki, bu yolla yenidən Azərbaycan torpaqlarını, Qarabağı yenidən ələ keçirə bilərlər. Bu dəfə başlamaq istədikləri müharibəyə Qarabağdan ermənilərin təbirincə desək ”qovulmuş erməni əhalinin” evlərinə qayıdıb yaşamalarını təmin etmək üçün “tədbir” adı qoymaq istəyirlər. Azərbaycan ordusu şübhəsiz ki, Ermənistanın bu xam xəyallarının həyata keçməsinin qarşısını anındadaca almaq qüdrətinə malikdir. Bu dəfə ermənilər müharibəyə cəhd edəcəklərsə müharibə Azərbaycan ərazisində getməyəcək. Azərbaycan siyasi və hərbi rəhbərliyi şübhəsiz Ermənistanın müharibə hazırlıqları istiqamətində hərəkət trayektoriyasını diqqətlə izləyir. Yəqin ki, hər bir yaranacaq vəziyyətə uyğun tədbirlər hazırlanır”.

Hərbi analitikin sözlərinə görə, Azərbaycan Ermənistanın yeni aldığı silahları məhv etmək, o silahların qarşısını almaq üçün alternativ silahlar əldə etməlidir: “Yəqin ki, bu istiqamətdə də addımlar atılır. Bunlar edilməlidir ki, gələcəkdə istənilən təhlükəyə tutarlı cavab verilsin və Ermənistan 44 günlük müharibədəki aldıqları zərbənin ən azı iki qatını ala bilsin”.

R.Məhərrəmov onu da dedi ki, Ermənistanın KTMT-nin üzvü olduğu halda KTMT qüvvələri ilə birgə təlimlərdən yayınıb Amerika ilə hərbi təlimlər keçirməsi ilk növbədə Rusiyada məntiqlə qıcıq yaratmalıdır. Onun fikrincə, hələ ki, Rusiyadan bu vəziyyətə adekvat reaksiya görünmür: “Sanki Rusiyanın da siyasi, hərbi dairələrində Ermənistanın hər nə yolla olur-olsun hərbi baxımdan güclənməsini və Azərbaycanla müharibə edə biləcək səviyyəyə gəlib çatmasını istəyən qüvvələr var. Ona görə də Ermənistanın KTMT-ni kənara qoyub ABŞ hərbçiləri ilə tez-tez təlimlər keçirməsini, başqa-başqa ölkələrdən silah almasını sakit şəkildə izləyirlər. KTMT-Ermənistan əməkdaşlığı kağız üzərindədir. Praktiki əməkdaşlıq ABŞ-la, Avropa dövlətləri ilə həyata keçirilir. KTMT-nin başında dayanan Rusiya isə bunu susqunluqla qarşılayır”.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*