Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti, professor İsa Həbibbəylinin son görüntüləri hələ müzakirə edilir. Belə ki, professor Vatikan nümayəndə heyətinə XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasını nümayiş etdirərkən onu kobud şəkildə vərəqləyib. Yayılan kadrlardan sonra Həbibbəylinin ünvanına tənqidlər səsləndirilib. Hətta ABŞ-da yaşayan jurnalist Qənirə Ataş AMEA prezidentini bu davranışına görə istefaya çağırıb.
AMEA prezidentinin Nizami Gəncəvi irsinə belə münasibət bəsləməsi nə dərəcədə doğrudur?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, bu məsələyə emosionallıqdan arınmış şəkildə yanaşma sərgiləmək lazımdır:
“Həmin videogörüntü çox qısadır və onun əsasında hər hansı şəxsin niyyəti barədə qəti hökm vermək çətindir. Çünki bəzən bir neçə saniyəlik kadr olayın bütöv mənzərəsini əks etdirməmiş ola bilir. Bəlkə elə Vatikan təmsilçisinin özünün qədim əlyazmalarla bağlı hansısa qəzaya dair xatirəsi yadına düşüb, həyəcanlanıbmış? Yəni ittihamlar da, müdafiələr də faktlara söykənməlidir. Lakin bir prinsip dəyişməzdir, milli-mədəni irs örnəkləri ilə davranış ən yüksək həssaslıq tələb edir. Əgər söhbət Nizami Gəncəvinin adına bağlı qədim əlyazmadan gedirsə, onun hər səhifəsi yüzillər öncənin ruhunun köçdüyü, ovqatının çökdüyü yaddaş kimidir. Belə irs örnəkləri ilə davranışda tələskənliyə, gərginlik təəssüratı yaradan hərəkətlərə yer olmamasının deyilməsi təbiidir. Bəzən cəmiyyəti rahatsız edən məhz niyyətin özü yox, müəyyən görüntüsü yayılan davranışlar olur”.

Əkbər Qoşalı
Araşdırmaçı-yazar bildirib ki, dövlət və elm qurumlarının başçıları mədəni irsə münasibətdə həm peşəkar, həm də simvolik məsuliyyət daşıyır:
“Onların hər addımı cəmiyyət üçün örnək kimi qəbul edilir. Bu baxımdan, qədim əlyazmaların təqdimatı və nümayişi beynəlxalq kitabxana, arxiv və muzey etikası çərçivəsində, maksimum ehtiyatla həyata keçirilməlidir. Haqq üçün deyim ki, AMEA prezidentinin bu vurğulara bələd olduğu məndə şübhə doğurmur. Digər tərəfdən, belə hadisələri dərhal şəxsi müstəviyə keçirərək istefa tələblərinə çevirmək tələskənlikdir. Əgər hər hansı qayda pozuntusu olubsa, bunu mütəxəssislərin qiymətləndirməsi, nəticələrin də məhz peşəkar rəyə əsaslanması doğrudur.
Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının zirvəsi olmaqla yanaşı, dünya mədəniyyətinin də böyük simalarından biridir. Onun adına bağlı hər bir maddi və mənəvi irs nümunəsinə göstərilən hörmət, əslində, bizim öz tariximizə, kimliyimizə, gələcək nəsillərə və bəşər mədəniyyətinə münasibətimizin bir göstəricisi sayılmağı haqq edir”.
